Accessibility links

Kreml: ABŞ və Avropadan Rusiyaya "müntəzəm kiber hücumlar" olur


Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov fevralın 27-i prezidentinin saytı da daxil olmaqla, Rusiya strukturlarının müntəzəm olaraq ABŞ və Avropa tərəfindən kiber hücuma məruz qaldığını bildirib.

O bununla ABŞ-ın kiber komandanlığının Sankt-Peterburqda yerləşən və “troll fabriki” adlandırılan “İnternet araşdırmlar mərkəzinin” binasının internetə çıxışını kəsməsi haqda xəbərləri şərh edib. İnternetin kəsilməsi 2018-ci ilin noyabr ayında ABŞ Konqresinə keçirilmiş ara seçkilər zamanı gün ərzində davam edib.

“Ümumiyyətlə ABŞ ərazisindən Rusiyanın müxtəlif təşkilatlarına, hüquqi və fiziki şəxslərə qarşı çox sayda kiber hücumlar həyata keçirilir. Bu, yaşadığımız həqiqətdir”, TASS agentliyi Peskovdan sitat gətirib.

“Mən bu hücumların arxasında kimin olduğunu deyə bilmərəm, amma hücumlarım müntəzəm şəkildə baş verdiyini və böyük sayda olduğunu təsdiq edirik”, Kremlin nümayəndəsi deyib.

Rusiya dəfələrlə hökümət orqanlarının və müxtəlif beynəlxalq təşkilatların serverlərinə haker hücumlarında günahlandırılıb.

ABŞ Milli Kəşfiyyatı öz hesabatında Rusiya hakerlərinin ABŞ-da elektrik xətlərini idarə edən sistemlərə viruslar tətbiq etdiyini iddia edib, ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdıqlarını və amerikalı seçicilərlə social şəbəkələr vasitəsilə “işlədiklərini” bildirib. Sankt Peterburqdakı “troll fabrikinin” məhz bu sonuncu fəaliyyətlərlə məşğul olduğu bildirilib.

Almaniya kiberpolisi 2017-ci ildə Bundestaqa seçkilər zamanı mümkün haker hücumlarının qarşısını almağa hazırlaşmışdı. Parlament daha öncə 2015-ci ildə haker hücumuna məruz qalmışdı və həmin vaxt parlament komissiyasının sənədləri WikiLeaks saytında dərc olunmuşdu. Almaniyanın xüsusi xidmət orqanları hücumu Fancy Bear adı ilə məşhur olan rus haker qruplaşması APT28 ilə əlaqələndirib. ABŞ-ın Demokrat Partiyasının serverlərinə hücuma görə də məhz bu qruplaşmanı məsul bilirlər.

ABŞ hərbi qüvvələri ölkədə keçirilən ara seçkilərinə müdaxilə etməyə can atan rus agentliyinin internetə çıxışını kəsib.

Washington Post qəzetinin yazdığına görə, məqsəd Kremlə mesaj göndərmək olub ki, onun ABŞ daxilindəki əməliyyatları bədəlsiz ötməyəcək.

Sankt Peterburqda qərargahlanan və prezident Vladimir Putinə yaxın oliqarx tərəfindən idarə olunan İnternet Araşdırmaları Agentliyinə (İAA) zərbə ABŞ seçkilərinə müdaxilələrinə görə Rusiyaya qarşı kiber-əməliyyatlarının tərkib hissəsidir.

XS
SM
MD
LG