Qoyulan möhlətin bitməsinə bir neçə saat qalmış ABŞ hökumətinin 2011-ci il büdcəsi üzrə kəskin debat həll olunmamış qalır. Əgər gecə yarısınadək razılıq əldə edilməsə, hökumət bağlanacaq.
Senatdakı çoxluğun lideri Harry Reid deyib ki, Demokratlar və Respublikaçılar 38 milyard dollar həcmində ixtisarlar üzərində razılaşıblar. Lakin o, Respublikaçıları əldə olunan razılığa xilaf çıxmaqda ittiham edib
Demokrat partiyasını təmsil edən Reid abort həyata keçirən ailə planlaşdırma qrupuna ayrılan 300 milyon dollarlıq federal maliyyə yardımı üzündən Respublikaçıların razılığı pozduqlarını deyir.
Nümayəndələr Palatasının Respublikaçı spikeri John Boehner qarşıdurmanın həlli üçün danışqıların davam etdiyini, və "demək olar ki, bütün məsələlər üzərində razılığa gəlindiyini" söyləyib.
Büdcə tərtibatına gəldikdə, xeyli müddətdir ki, Respublikaçılar və Demokratlar nəyin haradan kəsilməsi barədə bir-biri ilə mübahisə edirlər. Əsas ixtilaf nöqtələri hökumətin abort üçün maliyyə vəsaiti ayırması və administrasiyasnın istixana qazlarını azaltması səyləridir.