Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Birləşmiş Ştatların Liviyaya hava hücumlarını tənqid edərək, hücumlar zamanı mülki vətəndaşların da öldürüldüyünü deyib. Cənab Serdyukov bu bəyənatla bu gün, ABŞ müdafiə naziri Robet Geytslə görüşündən sonra çıxış edib.
Rusiyanın müdafiə naziri müxbirlərə deyib ki, mülki vətəndaşları qorumaq üçün hava hücumlarına əl atmaq deyil, Liviya hökuməti ilə danışıqlar aparılmalı idi. ABŞ müdafiə naziri Robert Geyts isə öz növbəsində irəli sürülən ittihamları rədd edərək, hadisələrin məsuliyyətini mülki vətəndaşlara hücum edən Liviya lideri Müəmmər Qəzzafinin üzərinə qoyub. Bu gün axşam cənab Geytsin Rusiya prezidenti Dmitri Medvedevlə görüşəcəyi gözlənilir. Tərəflər arasında Birləşmiş Ştatların Avropada müdafiə sistemləri yerləşdirməsi də daxil edilməklə, hərbi və texnoloji əməkdaşlıq məsələləri müzakirə ediləcək. Rusiya belə bir addımın hər iki tərəfin təhlükəsizliyinə hədə olduğunu deyərək, ABŞ-ın Avropada müdafiə sistemləri yerləşdirməsinin əleyhinə çıxır.