Accessibility links

ABŞ prezidenti neft axıntısı barədə xalqa müraciət etdi


ABŞ rəhbərinin sözlərinə görə neft axıntısının verdiyi dərslərdən biri də odur ki, neftçıxarma işlərinə hökumət daha müfəssəl nəzarət etməli və yüksək təhlükəsizlik standartlarına əməl edilməlidir

Prezident Barak Obama Meksiko Körfəzində davam edən fəlakətli neft axıntısı ilə bağlı Oval Ofisdən Amerika xalqına müraciət edib. Neft axıntısını Amerika tarixində ətraf-mühitə dəyən ən irimiqyaslı ziyan kimi dəyərləndirən ABŞ lideri axıntının qarşısını almaq üçün bütün səylərin səfərbər ediləcəyinə söz verib.

Prezident Obama BP neft şirkəti ilə birgə neft sızan quyunun qapanması üçün müxtəlif növ tədbirlərin görüldüyünü və yayın sonunda next axıntısını tamamilə dayandıracaq ikinci quyunun qazıntısınadək okeana axan neftin 90 faizinin saxlanılacağına əmin olduğunu söylədi.

“Heç kim şübhə etməsin ki, biz bu axıntıya qarşı əlimizdə olan bütün vasitələrlə və nə qədər lazımdırsa o qədər də mübarizə aparacağıq,” deyə prezident Obama bildirdi.

ABŞ rəhbərinin sözlərinə görə neft axıntısının verdiyi dərslərdən biri də odur ki, neftçıxarma işlərinə hökumət daha müfəssəl nəzarət etməli və yüksək təhlükəsizlik standartlarına əməl edilməlidir. Cənab Obama fürsətdən istifadə edərək Amerikanın xarici neftdən asılılığını azaltmaq üçün islahatlara yönəlik enerji qanununun qəbuluna çağırdı.

“Bizim hərəkətsizliyimizin nəticələri göz qabağındadır. Hər gün biz öz xəzinəmizdən xarici ölkələrə neft üçün bir milyard dollar göndəririk. Bu gün körfəzə baxdıqda görürük ki, qara mazut topaları insanların bütöv həyat tərzini təhlükə qarşısına qoyub,” deyə prezident Obama bildirdi.

ABŞ prezidenti Barak Obama israr edir ki, BP neft axıntısından ziyan çəkmiş bizneslərə və fərdlərə kompensasiya ödənişini sürətləndirsin. O, BP rəhbərliyi ilə Ağ Evdə çərşənbə günü görüşməyi planlaşdırır.

XS
SM
MD
LG