Obama administrasiyası Misir rəsmiləri ilə prezident Hüsni Mübarəkin istefasına dair danışıqlar aparır. Səsləndirilən təklif Mübarəkin hakimiyyəti keçid hökumətinə rəhbərlik edəcək və Misir hərbçilərinin dəstəyinə malik Ömər Süleymana ötürməsini nəzərdə tutur. Adlarının çəkilməsini istəymən rəsmilərin bildirdiyinə görə keçid hökumətinə müxalifətin müxtəlif təbəqələri, o cümlədən hazırda qadağan edilmiş Müsəlman Qardaşlığı dəvət olunacaq. Keçid hökuməti sentyabrda keçiriləcək seçkilərin azad və ədalətli olmasını təmin edəcək. Amerika telekanalına müsahibə verən ABŞ Birgə Baş Qərargahlar rəisi Admiral Mayk Mallen Misirə hərbi yardımın dayandırılmayacağını bildirmiş və Misir hərbçilərinin xalqa atəş açmayacağı haqda ona təminat verildiyini bildirmişdir.