Accessibility links

İraqın baş naziri Mosulda insan haqlarının pozulduğunu etiraf edib


İraqın baş naziri Hayder Əl-Abadi İraqın hərbi qüvvələrinin Mosulun İŞİD-dən azad edilməsi uğrunda döyüşlər zamanı insan haqları pozuntularına yol verdiyini etiraf edib. Lakin o bildirib ki, cinayətlər “ayrı-ayrı hallarda” baş verib və buna yol verən şəxslər cəzalandırılacaqlar.

Abadi bu açıqlamaları sosial mediada əsgərlərin Mosulda İŞİD şübhəlilərini yüksək divardan aşağı atdığını və onları güllələdiyini göstərən video görüntülərin yerləşdirilməsindən sonra verib.

İraq əsgərləri Mosulun Köhnə şəhər hissəsində
İraq əsgərləri Mosulun Köhnə şəhər hissəsində

Ən son görüntülər keçən həftə baş nazirin Mosulda İŞİD üzərində qələbə əldə edildiyini elan etməsindən sonra nümayiş etdirilib. Video görüntülərin birində əsgərin dizləri üstündə silahsız bir kişini güllələdiyi göstərilir.

Baş nazir Abadinin açıqlamaları Human Rights Watch beynəlxalq insan haqlarını müdafiə təşkilatının Mosulun qərb hissəsində insanların edam edildiyi yerin aşkar edildiyini bildirməsindən sonraya təsadüf edir. Təşkilat həmçinin İraq hərbi qüvvələrinin Mosulun azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhərdən qaçmağa çalışan insanları qətlə yetirdiyinə dair dəlillərə malik olduğunu bildirib.

İraqın baş naziri Hayder Əl-Abadi
İraqın baş naziri Hayder Əl-Abadi

Human Rights Watch-un tapıntıları təşkilatın hesabatına daxil edilib. Hesabatda İraq hökuməti təhlükəsizlik qüvvələri tərəfindən qətllər və işgəncə halları və başqa hərbi cinayətləri təhqiq etməyə və onları cəzalandırmağa çağırılır.

Hüquq müdafiə təşkilatı bildirib ki, Abadi vəd etdiyi kimi pozuntuları araşdırmayıb və heç bir əsgər məsuliyyətə cəlb edilməyib.

İraq hərbi qüvvələri Mosulun qərbində döyüşlər zamanı iyulun 10-da medianın əraziyə daxil olmasına məhdudiyyətlər qoyduğu üçün şəhərdə baş verən hadisələr məhdud şəkildə işıqlandırılıb.

İraq qüvvələri İŞİD-in üç il şəhərə nəzarət etməsindən sonra Mosulu keçən həftə azad edib.

XS
SM
MD
LG