Accessibility links

Ana: Həbsxanada oğlumu döyüblər, bədəni yaradır


Abbas Hüseynov
Abbas Hüseynov

2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilən Abbas Hüseynov saxlanıldığı Qobustan qapalı həbsxanasında işgəncəyə məruz qalıb. Bu barədə Abbas Hüseynin anası Rəhimə Hüseynova bildirib.

Hüseynovanın sözlərinə görə, aprelin 30-da Abbas ailə üzvlərilə telefonla əlaqə saxlayaraq, bu barədə danışıb.

"Bundan əvvəl axırıncı dəfə Abbasla aprelin 26-da danışmışdıq. Həmin zəngdən sonra Abbası çox möhkəm döyüblər. Bu gün telefonla danışanda özü dedi. Rəis müavini də daxil olmaqla, dörd-beş nəfər onu o qədər döyüb ki, bədəni bütün yaradır. Sonra da beş günlük cərimə kamerası (kars) cəzası veriblər. Amma üç gündən sonra rəisin göstərişi ilə "kars"dan çıxarıblar", Rəhimə Hüseynova AzadlıqRadiosuna bildirib.

Ananın sözlərinə görə, Abbas Hüseynov döyülməsinin səbəbini bilmir və bu barədə ona heç nə deməyiblər.

"Abbasın həbsxanada məhbus yoldaşları ilə problemi yoxdur. Ehtimal edirik ki, (AXCP sədri) Əli Kərimliyə ad günü təbrikinə görədir. Axırıncı dəfə telefonla danışanda xahiş elədi ki, onun təbrikini çatdıraq. Biz də çatdırdıq, hətta mediada da bu məsələ yayıldı".

Abbas Hüseynovun vəkili Fariz Namazlı hüquqlarını müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalmasından xəbərsiz olduğunu, məsələni araşdıracağını bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov işgəncə ilə bağlı deyilənlərin əsassız olduğunu bildirib.

"Həbsxananın rəisi ilə danışdım, heç bir işgəncə, döyülmə halı olmayıb. Bizim əməkdaşlar mütəmadi məhkumlarla, o cümlədən Abbas Hüseynovla profilaktik söhbətlər aparır", o qeyd edib.

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseynov birinci qrupda "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

XS
SM
MD
LG