Accessibility links

Güneyli fəal Abbas Nikrəvan həbs cəzasına məhkum edilib


Abbas Nikrəvan
Abbas Nikrəvan

Güneyli musiqiçi və mədəni fəal Abbas Nikrəvan məhkəmə tərəfindən 91 gün müddətinə həbsə məhkum edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, Salmas İkinci Cinayət Məhkəməsinin 102-ci şöbəsi tərəfindən verilən hökmə əsasən, "sosial media üzərindən İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə mühakimə olunan Abbas Nikrəvan bu ittihamla suçlu tanınaraq 91 günlük həbsə məhkum olunub.

Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində yaşayan musiqiçi Abbas Nikrəvan ötən ilin sentyabr ayının 5-də həbs edilib və İranın Urmiyə şəhərindəki kəşfiyyat idarəsinin təcridxanasına köçürülüb.

Kəşfiyyat idarəsində dindirilən mədəni fəal bir müddət sonra Urmiyə Mərkəzi Həbsxanasına köçürülmüş və sentyabr ayının 22-də 600 milyon tümənlik girov müqabilində məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Abbas Nikrəvan apardığı dinc fəaliyyətləri səbəbilə indiyədək dəfələrlə İran hökuməti tərəfindən həbs edilib. Onun 2015-ci ildə təşkil etdiyi xeyriyyə konserti İranın təhlükəsizlik qüvvələri tərəfindən ləğv edilmişdi.

XS
SM
MD
LG