Accessibility links

Məşğulluğun artımı ABŞ iqtisadiyyatının sağlamlığı ilə bağlı əminlik yaradır


ABŞ-da məşğulluq göstəriciləri noyabr ayında da artmaqla iqtisadiyyatın sağlamlığı ilə bağlı əminliyi möhkəmlədib. Təhlilçilər deyirlər ki, əmək haqqı artımının mülayim olmasına baxmayaraq, iqtisadiyyatın indiki halında prezident Donald Trampın təklif etdiyi stimullaşdırıcı islahatlara ehtiyac yoxdur.

Cümə günü yayımlanan hesabata əsasən noyabr ayında kənd təsərrüfatından kənar sektorlarda bütövlükdə yeni açılan iş yerlərinin sayı 228,000 olub. Son qasırağaları nəzərə alsaq bu rəqəm çoxları üçün xoş sürpriz idi. Oktyabr və sentyabr aylarında açılan yeni iş yerlərinin sayı müvafiq olaraq 244,000 və 261,000 olmuşdu.

Hesabata əsasən son ayda bir saat iş üçün ödənilən məvacib beş sent, yəni 0.2 faiz artıb. Oktyabr ayında bu göstərici mənfi 0.1 faiz idi. Bu, illik əmək haqqının 2.5 faiz artması deməkdir. Öncəki ayın göstəriciləri elan ediləndə bu rəqəm 2.3 olmuşdu. İşçilərin əməyə sərf etdikləri saatların da sayı noyabr ayında daha çox olub.

İşsizlik göstəricisi dəyişilməz olaraq 4.1 faiz səviyyəsində qalıb. Bu, son 17 il ərzində ən aşağı göstəricidir. İşsizliyin belə aşağı səviyyədə qalması Trampın və respublikaçıların korporativ verginin 35 faizdən 20 faizə salması cəhdlərini tənqid hədəfinə alınmasına səbəb ola bilər.

Üçüncü rüb 3.3 faiz iqtisadi artım tempi ilə son üç il ərzində iqtisadiyyatın ən sürətlə inkişaf edən rübü olmuşdu. Belə görünür ki, 2017-ci ilin dördüncü rübü həmin momentumu davam etdirəcək.

Noyabr ayının göstəricilərini də nəzərə alsaq, 2017-ci ildə yeni açılan iş yerlərinin ortalama aylıq göstəricisi 174,000 olub. 2016-cı ildə bu rəqəm 187,000 idi. Təhliçilər, yeni açılan iş yerlərinin ortalama aylıq rəqəmindəki düşüşü məşğulluğun yüksək olması ilə əlaqələndirirlər.

XS
SM
MD
LG