ABŞ Krım üçün keçirilən Rusiya parlament seçkilərinin nəticələrini tanımayacağını bildirib. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra yarımadada ilk parlament seçkiləri keçirilir.
"ABŞ sentyabrın 18-də Krım üçün planlaşdırılan Rusiya Duma seçkilərinin legitimliyini tanımır və nəticələrini də tanımayacaq" - deyə Dövlət Departamentinin sözçüsü Con Körbi açıqladığı bəyanatda bildirib.
ABŞ sentyabrın 18-də Krım üçün planlaşdırılan Rusiya Duma seçkilərinin legitimliyini tanımır və nəticələrini də tanımayacaqABŞ Dövlət Departamenti
Bəyanatda bir daha xatırladılır ki, Rusiya işğal etdiyi ərazini Ukraynaya qaytaranadək Moskvaya qarşı iqtisadi sanksiyalar qüvvədə qalacaq.
"Biz adamların itməsi, Krım tatarlarının vəziyyəti və başqa insan haqları pozuntuları da daxil yarımadadakı humanitar durumdan hələ də narahatıq” – deyilir bəyanatda.
Sentyabrın əvvəllərində Ukrayananın Ali Radası xarici dövlətləri Krım ərazisində keçiriləcək Duma seçkisinə müşahidəçilər göndərməməyə və seçki nəticələrini tanımamağa çağırmışdı.
Ukrayna millət vəkilləri xəbərdarlıq etmişdilər ki, Krıma seçki müşahidəçiliyi üçün gələn əcnəbilər barədə sərhədin qanunsuz pozulması ittihamı ilə cinayət işləri qaldırılacaq.
Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya “öz ərazisində keçirdiyi seçkilərin məsələsini başqa ölkələrlə müzakirəyə çıxarmaq niyyətində deyildir”.