Oktyabrın 15-də ABŞ səfiri Robert Sekuta Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin məlumatına görə,
MSK sədri sədei Məzahir Pənahov rəhbərlik etdiyi qurumun ABŞ səfirliyi ilə əlaqələrindən danışıb və bu əməkdaşlığın seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynadığını vurğulayıb.
ABŞ səfiri Robert Sekuta seçkilərin ölkə üçün əhəmiyyətini qeyd edərək, Azərbaycan Milli Məclisinə cari ildə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb.
Məlumatda deyilir ki, səfir həmçinin, köçkün seçicilərin səsverməsi ilə də maraqlanıb və bu qəbildən olan seçicilərin səsverməsinin təşkili sahəsində MSK tərəfindən görülmüş işlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə həmçinin, müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ səfirliyinin Twitter səhifəsində isə bildirilir ki, səfir Sekuta seçki hazırlıqları barəsində məlumat almaq üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.
Səfir Azərbaycanda demokratik irəliləyiş üçün azad və ədalətli seçkilərin əhəmiyyətinə toxunub.