Bu günlərdə Sabirabad (Bakıdan 176 kilometr cənib-qərb) və İmişli rayonlarında (Bakıdan 258 kilometr cənub-qərb), habelə Şirvan şəhərinin (Bakıdan 127 kilometr cənub) kəndlərində uşaqlar üçün təlim-tədris mühitinin yaxşılaşdırılması və yolların təmiri sahəsində bir neçə layihə başa çatdırılıb. Layihələr ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, Sabirabad rayonunun Çölbeşdəli kəndində uşaq bağçası təmir edilib.
Belə ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi SEDA proqramı yerli icmanı səfərbər edərək yeni dam örtüyü, döşəmə və pəncərələr quraşdırmaqla, çöl divarları təmir etməklə, təmiz su ilə təmin etməklə, habelə istilik sistemini qurmaqla bağcanın tamamilə təmir edilməsinə köməklik edib. Bununla da, proqram 40 uşağı təhlükəsiz təlim-tədris mühiti ilə təmin edib.
İmişli rayonunun Muradəlili kəndində və Şirvan şəhərinin Neftçilər və Birlik icmalarında isəSEDA proqramı ümumilikdə 2000 metrədək yolun təmir edilməsinə dəstək göstərərək 3300-dən çox sakinin yaşayış səviyyəsini yaxşılaşdırmağa kömək edib.
Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi SEDA proqramı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə iştirakını təşviq edir. Bu günə kimi, proqram Azərbaycanın 58 icmasında 52 layihənin maliyyələşdirilməsinə 1 000 000 ABŞ dollarından artıq vəsait xərcləyib.