ABŞ Dəniz Donanmasının bu ilin əvvəli İranın İnqilab keşikçiləri Ordusunun Amerikanın 10 dənizçisini həbs etməsi ilə bağlı apardığı təhqiqatın nəticələri göstərir ki, insidentin qarşısı alına bilərdi. Küveytdən Bəhreynə gedən dənizçilərin həbsi ilə nəticələnmiş hadisə ilə bağlı həm ABŞ Hərbi Donanması, həm də İran ordusu bir sıra səhvlərə yol verib.
Əgər beşinci donanma komandirinin göstərişlərinə riayət olunsaydı, bu hadisənin qarşısı alınardı.
ABŞ Hərbi Donamasının bildirdiyinə görə, bu ilin yanvar ayında ABŞ dənizçilərinin İranın İnqilab keşikçiləri ordusu tərəfindən saxlanılmasına səbəb dənizçilərin zəif rəhbərliyi, yetərsiz planlaşdırma və müvafiq prosedurlara riayət edilməməsi olub.
“Məsələn, bu komanda Küveytdəki kimi problemlər yaşamağa başlayanda ekipaj üzvlərinin təlim zamanı öyrəndiklərini necə tətbiq edəcəyini bilməməsi nəticəsində daha böyük bir insident yaranır.”
İki gəmidə üzən dənizçilər Küveytdən Bəhreynə əvvəlcədən təsdiq olunmuş marşrutla getməli idilər.
Amma gəmi ekipajı cədvəldən bir neçə saat geri qalırdı və vaxt qazanmaq üçün onlar Səudiyyə Ərəbistanı və İranın sularından keçən razılaşdırılmamış marşrutu seçmək qərarına gəlib.
Bir gəminin motorunda problem yarandığı üçün ekipaj üzvləri yenidən yanacaq doldurma məntəqəsinə gedə bilməyib və nəticədə gəmi hərəkət edə bilmədiyi üçün onlar İranın Farsi adasına 3 kilometrlik məsafədə ilişib qalıb.
“Əgər beşinci donanma komandirinin göstərişlərinə riayət olunsaydı, bu hadisənin qarşısı alınardı.”
Körfəzi müdafiə edən İranın İnqilab keşikçiləri ABŞ gəmisinə daxil olub və admiral Riçardsonun sözlərinə görə, beynəlxalq tələbləri pozaraq ekipaj üzvlərini həbs ediblər.
“İran gəmilərin zərərsiz keçidinə mane olmaq, eləcə də gəmiyə daxil olub, orada axtarış aparıb, gəmiləri müsadirə etmək, habelə ekipaj üzvlərinin foto və videolarını çəkməklə beynəlxalq qanunu pozub.”
Ekipaj üzvləri bütün gecə İran qüvvələri tərəfindən saxlanılıb, ertəsi gün isə sərbəst buraxılıb. Üç dənizçi artıq ABŞ Hərbi Dəniz Donanmasından çıxarılıb, digər altı dənizçi isə cəzalarını gözləyir.