Accessibility links

Məhkəmənin qərarından sonra Ferqusonda ciddi iğtişaşlar başlayıb


ABŞ-ın orta qərbində yerləşən Ferquson şəhərində son ayların ən böyük iğtişaşları yaşanır. Bu iğtişaş münsiflər məhkəməsinin silahsız qaradərili yeniyetməni öldürən ağ polis zabitini təqsirləndirməməyə qarar verdikdən sonra başlayıb.

Şiddətli etiraz aksiyaları bazar ertəsi rəsmilərin avqust ayında 18 yaşlı Maykl Braunu öldürən zabit Daren Vilsona qarşı ittiham irəli sürülməyəcəyini açıqladıqdan sonra baş verib.

Sent Luis qraflığının polis rəisi Con Belmar bildirib ki, 12-dən artıq bina yandırılıb və onların çoxu artıq dağılıb. O bildirib ki, hələ ki xəsarət alan olmayıb və azı 29 nəfər həbs olunub.

“Bu ticarət müəssisələri bir daha fəaliyyət göstərməyə bilər. Düzünü desək, bu, məni çox kədərləndirir. Lakin bir yaxşı xəbər var ki, biz atəş açmamışıq. Bildiyim qədər, heç bir polis zabitinə ciddi xəsarət yetirilməyib, onlara bir az daş atıblar, patrul xidmətinin bir leytenantının başına şüşə butulkası vurulub, amma ciddi xəsarətlər yoxdur. Bildiyim qədər biz də heç kimə xəsarət yetirməmişik.”

Gecənin əvvəlində polis onların maşınlarını yandıran və polisə əşyalar atan etirazçıları dağıtmaq üçün tüstü və bibər qazından istifadə edib. Məhəllədə fasilələrlə davam edən atəş səsləri eşidilib.

Etirazlar Amerikanın digər şəhərlərində də baş verib. Nyu-Yorkun Tayms meydanında etirazçılar “polis zülmü” yazılı plakatlar gəzdirərək, polis zorakılığına qarşı mitinqlərdə populyarlaşan “Əllərim yuxarıdır, atəş açma!” şüarını səsləndiriblər.

Okland və Çikaqo şəhərlərində etirazçılar avto-magistrallarda toplaşıb və əllərini yuxarı qaldıraraq maşınların qarşısını kəsiblər. Etirazçılardan ibarət kiçik bir qrupsa Ağ Evin önündə toplaşıb.

Ağ Evin yaydığı bəyanatda prezident Barak Obama bəzi insanların bu qərardan dərin məyusluq hissi keçirdiklərini bildiyini etiraf edib, lakin etirazçıları sakitliyə çağırıb.

XS
SM
MD
LG