Accessibility links

ABŞ İranın Mərkəzi Bankının rəhbərinə qarşı sanksiyalar tətbiq edib


Birləşmiş Ştatlar İranın Mərkəzi bankının başçısı Vəliullah Seifə qarşı sanksiyalar tətbiq edərək, onun Livanda mənzillənən Hizbullah qrupuna milyonlarla dollar məbləğində vəsaitin ötürülməsinə kömək etdiyini bildirib.

“İranın Mərkəzi Bankının rəhbəri İslam İnqilabı Mühafizə Qüvvələri-Qüds Qüvvələrinin adından İrada qərargahlanan Əl-Bilad İslam Bankı vasitəsilə zorakı və radikal Hizbullah qrupuna onu zəngiləşdirmək və dəstəkləmək məqsədilə gizli olaraq milyonlarla dollar ötürüb. Birləşmiş Ştatlar İranın beynəlxalq maliyyə sistemini utanmadan pozmasına imkan verməyəcək. Qlobal ictimaiyyət İranın terrorçu vasitəçilərini maliyyə dəstəyi ilə təmin etmək kimi aldadıcı səylərinə qarşı ayıqlıq göstərməlidir”, ABŞ-ın maliyyə naziri Stiv Mnuçinin açıqladığı bəyanatda bildirilir.

ABŞ-ın maliyyə naziri Stiv Mnuçin
ABŞ-ın maliyyə naziri Stiv Mnuçin

Sanksiyalar siyahısına həmçinin İranın Mərkəzi Bankının beynəlxalq şöbəsinin direktor müavini Əli Tərzəli və Əl-Bilad İslam Bankının rəhbəri Araş Həbibin də adları salınıb.

Birləşmiş Ştatlar İranın beynəlxalq maliyyə sistemini utanmadan pozmasına imkan verməyəcək

Maliyyə naziri Mnuçin bildirib ki, bu addım İranın mühüm bank şəbəkəsindən istifadəsinin qarşısını alır və keçən həftə Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə milyonlarla dollar maliyyə mübadiləsi aparan Qüds Qüvvələri ilə bağlı valyuta mübadilə şəbəkəsinin işinin pozulmasının ardınca atılır.

Birləşmiş Ştatlar və Birləşmiş Ərəb Əmirlikləri bildirib ki, mübadilə şəbəkəsi Qüds Qüvvələrinə Yaxın Şərqdə üsyançı əməliyyatların maliyyələşdirilməsi üçün yüz milyonlarla dollar maliyyə köçürmələri etməsinə imkan verib.

“Bu addımlar prezident Trampın mayın 8-də Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxması qərarına əsaslanır və sazişə əsasən İranın Milli Bankına qarşı tətbiq edilən sanksiyalar da daxil olmaqla, aradan qaldırılmış ABŞ sanksiyaların yenidən qüvvəyə minməsi deməkdir”, maliyyə naziri Mnuçin bildirib.

XS
SM
MD
LG