Accessibility links

ABŞ: İslam Dövləti qrupuna qarşı hava hücumları təsirlidir


Birləşmiş Ştatlar İslam Dövləti qrupunun yaraqlılarına qarşı hava hücumlarının onların kürd döyüşçülərlə Türkiyə sərhədi yaxınlığında Suriyanın Kobani şəhərinə nəzarət uğrunda döyüşlərdə irəliləməsinə mane olduğunu bildirib.

Lakin ABŞ-ın Mərkəzi Komandanlığı Kobani uğrunda döyüşlərin nəticəsinin hələ də qeyri-müəyyən olaraq qaldığını bildirib. Mərkəzi Komandanlığın bildirdiyinə görə, yaraqlılar quruda üstünlük əldə etməyə, kürd döyüşçülərsə mövqelərini əldən verməməyə çalışır.

ABŞ-ın döyüş təyyarələri Səudiyyə Ərəbistanının təyyarələri ilə bazar ertəsi İslam Dövləti qrupunun mövqelərinə qarşı 21 hava hücumu həyata keçirib. ABŞ yaraqlıların hərbi birləşmələri və mövqelərinin dağıdıldığını, hərbi maşınların məhv edildiyini bildirib. Bununla yanaşı, ABŞ Deyr Əz-Zur şəhərində neft emalı zavodunun vurulduğunu bildirib.

Birləşmiş Ştatların bildirdiyinə görə, hava hücumlarının əsas məqsədi İslam Dövləti qrupunun Kobaniyə daha çox döyüşçü göndərməsinin qarşısını almaq və döyüş qabiliyyətinin azaldılmasından ibarətdir.

XS
SM
MD
LG