ABŞ hərbi hava qüvvələri silahsız Minuteman 3 qitələrarası ballistik raketi sınaqdan keçirməyə hazırlaşır. Raket sınağının Kaliforniya ştatındakı Vandenberq hərbi hava qüvvələrinin bazasında çərşənbə günü yerli vaxtı ilə saat 12-də və 6-da keçirilməsi planlaşdırılır.
Bu, bu il keçirilən dördüncü raket sınağı olacaq.
Hərbi hava qüvvələrinin bəyanatında deyilir ki, sınağın əsas məqsədi silah sisteminin effektiviyi, hazırlığı və dəqiqliyini yoxlamaqdan ibarətdir.
Minuteman raketləri müntəzəm olaraq Vandenberq hərbi hava qüvvələrinin bazasında sınaqdan keçirilir. Kaliforniyadan fəzaya buraxılmış raketlər Sakit okeanda 6 min 800 kilometr məsafəni qət edərək, Marşall adalarında Kvalacaleyn atollundakı hədəfə çatır.
Bu dəfə raket sınağının keçirilməs Şimali Koreyanın ballistik raket sınağı ilə əlaqədar gərginliklərin artdığı bir vaxta təsadüf edir. Pxenyan özünün qitələrarası ballistik raket proqramını inkişaf etdirir.
Bundan əvvəl Minuteman raketlərinin sınağı fevral, aprel və may aylarında keçirilib.