ABŞ Rusiyanın Suriyada keçən həftə onlarla insan ölümünə səbəb olmuş zəhərli sarin qazın ilə kimyəvi hücumla bağlı iddialarını qəti şəkildə rədd edib. Rusiya sarin qazının Suriya ordusunun döyüşçülərinin mülki əhaliyə qarşı bilərəkdən hücumu deyil, üsyançıların nəzarətində olan silah anbarına hava hücumu nəticəsində yayıldığını iddia edir.
Ağ Evdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının rəsmiləri Suriya prezidenti Bəşar Əl-Əsədin müttəfiqi olan Moskvanı kimyəvi hücumun xarakteri ilə bağlı faktların qarışdırılması kampaniyasında ittiham edib. Rəsmilər bildirib ki, aprelin 4-də kimyəvi silahlar bina deyil, küçəyə atılıb və bunu yolun səthinin yanmış hissələri göstərir.
Biz bilirik ki, Suriya rejimində sarin qazı var. Biz tamamilə əminik ki, Əsəd hökumətinə qarşı döyüşən üsyançılarda sarin yoxdurABŞ rəsmiləri
Rəsmilər həmçinin bildirib ki, Suriya 2013-cü ildə kimyəvi silah arsenalının təhvil verilməsinə dair razılığa baxmayaraq, bu silahlardan "tamamilə təmizlənməyib".
"Biz bilirik ki, Suriya rejimində sarin qazı var. Biz tamamilə əminik ki, Əsəd hökumətinə qarşı döyüşən üsyançılarda sarin yoxdur"-deyə ABŞ rəsmiləri bildirib.
Rəsmilərin bildirdiyinə görə, bu dəlillər Rusiya üçün dezinformasiya kampaniyasına son qoymaq imkanı verir.
Türkiyə sarin qazından istifadəni təsdiq edib
Ağ Ev rəsmilərinin bu açıqlamaları Türkiyənin keçən həftə Suriyada kimyəvi hücumda ölümcül əsəb qazı olan sarindən istifadə edildiyinin ekspertiza tərəfindən təsdiq edildiyini bildirməsindən sonra verib. İdlib vilayətində keçirilmiş hücum onlarla insanın ölümü, yüzlərlə insanın xəsarət alması ilə nəticələnib.
Türkiyənin səhiyyə naziri zəhərli qazdan istifadə edildiyinə dair nəticənin kimyəvi hücumun qurbanı olmuş üç nəfərin cəsədinin tibbi ekspertizasından sonra çıxarıldığını bildirib.Ümumdünya Səhiyyə Təşkilatı və Kimyəvi Silahların Qadağan olunması Təşkilatı cəsədlər üzərində aparılmış tibbi ekspertizada iştirak edib.
Putinin ittihamları
Hadisə qurbanlarının ölümünün səbəbi Rusiya prezidenti Vladimir Putinin BMT-nin kimyəvi hücumla bağlı təhqiqatına çağırdığı bir vaxt təsdiq edilib. Kimyəvi hücuma cavab olaraq ABŞ prezidenti Donald Tramp Suriyada aviabazaya 59 qanadlı raketlə zərbələrin endirilməsi haqda qərar verib. Rəsmi Vaşinqton kimyəvi hücumun həmin aviabazadan edildiyinə inanır.
Suriya prezidenti Bəşar Əl-Əsədin müttəfiqi olan Putin Birləşmiş Ştatları Suriyanı kimyəvi hücumda günahlandırmaq üçün "provokasiyada" ittiham edib. Putin heç bir dəlil gətirmədən Vaşinqtonun paytaxt Dəməşqin ətrafın da daxil olmaqla, kimyəvi hücumun falsifikasiyasından sonra buraya raket zərbələri endirməyi planlaşdırır.
"Bizdə Dəməşqin ətraf rayonları da daxil olmaqla Suriyanın başqa yerlərində də provokasiyaların hazırlandığına dair informasiya var. Onlar bəzi maddələri yerləşdirmək və Suriya hökumətini ittiham etməyi planlaşdırır"-deyə Putin bildirib.
Tillerson Moskvada səfərdədir
Suriyada durum ABŞ dövlət katibi Reks Tillersonun Moskvaya səfəri zamanı müzakirələrin diqqət mərkəzində olacaq.
Moskvaya yol düşməzdən əvvəl müxbirlərlə danışan Tillerson bildirib: "Biz bunun bir daha baş verməsinə imkan verə bilmərik. Biz Suriya xalqının əziyyətlərini yüngüllşdirmək istəyirik. Rusiya bu gələcəyin bir hissəsi ola bilər və mühüm rol oynaya bilər. Ya da Rusiya bu qrupla müttəfiqliyini davam etdirə bilər. Biz bunun Rusiyanın uzunmüddətli maraqlarına xidmət etmədiyini düşünürük".
Tillerson çərşənbə axşamı günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.
Tillersonun Putinlə görüşü planlaşdırılmayıb, lakin Rusiyanın media vasitələri adının açıqlanmadığı mənbəyə istinadə edərək, görüşün baş tutacağı haqda məlumat verib.