Accessibility links

Gənc fəallar həbsxanada aclığa başlayır


Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman

Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan üç fəal - Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman həbsxanada aclıq aksiyasına başlamaq niyyətindədirlər.

Bu barədə vəkil Əsabəli Mustafayev oktyabrın 11-də Bayram Məmmədova baş çəkdikdən sonra bildirib.

Etirazın səbəbi 13 saylı cəzaçəkmə müəssisəsində Məmmədova qarşı münasibətdir.

Vəkilin sözlərinə görə, oktyabrın 9-da rəsmi orqanların nümayəndələri cəzaçəkmə müəssisəsinə baş çəkiblər və Məmmədovla söhbət ediblər.

"Bu şəxslər özlərini təqdim etməyiblər və məhz hansı idarələri təmsil etdikləri aydın deyil, amma növbəti gün Məmmədov karserə (cərimə kamerası) salınıb.

Karser soyuq və nəmlidir. Onun geyimi nazikdir. İsti geyim verməyə icazə vermirlər. Bu gündən üçü də Məmmədova təzyiqlərə son qoyulması və Ədliyyə Nazirliyinin rəhbərliyi ilə görüş tələbi ilə aclığa başlayırlar", Mustafayev bildirib.

Vəkil Məmmədova baş çəkən şəxslərin nə haqda danışdıqlarını açıqlamayıb. Amma onların Məmmədovun əməllərindən narazı qaldığını ehtimal etmək olar. Onun əməliyyat şöbəsinin əməkdaşı ilə kobud davranışda ittiham olunması bunun dolayı təsdiqidir.

Vəkil ombudsman aparatına müraciət edib. Oradan yaxın günlərdə cəzaçəkmə müəssisəsinə baş çəkməyi vəd ediblər.

Penitensiar Xidmət hələ vəkilin dediklərinə münasibət bildirməyib. Bununla yanaşı, Penitensiar Xidmət bir qayda olaraq cəzaçəkmə yerlərində məhbuslarla qanunun tələblərinə uyğun davranıldığını bildirir. Xidmət həmçinin işgəncə və qeyri-insani davranlşla bağlı iddiaları isə ümumiyyətlə qəbul etmir.

10 may 2016-cı ildə NİDA fəalları Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs ediliblər. Amma onları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətdə ittiham ediblər və 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər.

Elgiz Qəhrəman 12 avqust 2016-cı ildə böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 16 yanvar 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Mayın 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

İlkin Rüstəmzadə NİDA Gənclər Hərəkatının kütləvi iğtişaşların təşkili, narkotik və silah saxlamaq kimi uydurma ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilmiş 8 fəalından biri idi. Onların həbsinin səbəbi 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümlərinə qarşı etiraz aksiyasının təşkili olub.

Ağır Cinayətlər Məhkəməsi İlkin Rüstəmzadəni 7 il müddətinə azadlıqdan məhrum edib. Digər məhkumlar sonradan azad edilib.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədovu, Qəhrəmanı və Rüstəmzadəni "vicdan məhbusu" kimi tanıyıb.

XS
SM
MD
LG