Accessibility links

Sumqayıtda sahibkarlar aclıq aksiyasına başlayıb [Video]


Sumqayıtda sahibkarlar aclıq edir

Sumqayıt şəhərinin abadlaşdırılması, şəhərin Dənizkənarı bulvarının yenidən qurulması, Bayraq meydanının tikintisi üçün xərclədikləri milyonlarla vəsaitin qaytarılmamasına etiraz olaraq 12 sahibkar martın 16-da müddətsiz aclıq aksiyasına başlayıb. Sahibkarlar gördükləri işin və iistifadə edilən materialların pulunun verilməməsinə etiraz edir.

Sahibkarlar mağazalara və parkın tikintisində iştirak edən fəhlələrə yüz min manatlarla borclu olduqlarını bildirir.

Sumqayıt Dənizkənarı Bulvarının 2016-cı il sentyabrın 27-də açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.

“Bir il altı ay prezident administrasiyasina gedib, gəlirik. Baş Prokurorluqda qəbulda olmuşuq. Bizim problemimiz həll edilmir. Sumqayıt İcra Hakimiyyətində bizi daha heç qəbul edən də yoxdur. Məcbur olduq aclıq aksiyasına başlayaq. Başqa əlacımız qalmadı. Sumqayıt icra hakimiyyətindən yardım istəmirik, müavinət istəmirik. Halal zəhmət haqqımızı istəyirik. Cənab prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva biz sahibkarların probleminin həllinə kömək etməyinizi xahiş edirik” aclıq edən sahibkarlardan biri bildirib.

Bir neçə gün öncə Sumqayıt İcra Hakimiyyətindən bildiriblər ki, sahibkarların şikayətindən xəbərdardırlar. Bununla belə icra hakimiyyətinin mətbuat xidmətindən vurğulayıblar ki, nə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də onların digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşımır.

“Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib”, Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər.

XS
SM
MD
LG