Dünya ölkələrindən nümayəndələr Əfqanıstanın gələcəyini müzakirə etmək üçün Almaniyada Bonnda keçiriləcək konfransa toplaşır.
Bazar ertəsi işə başlayacaq beynəlxalq konfransda 2014-cü ildə xarici əsgərlərin Əfqanıstandan çıxmasından sonra ölkənin inkişaf istiqamətləri əsas diqqət mərkəzində olacaq.
Müzakirələr zamanı konfrans iştirakçıları ölkənin təhlükəsizliyinə görə məsuliyyəin beynəlxalq qüvvələrdən Əfqanıstanın təhlükəsizlik qüvvələrinə ötürülməsi, Talibanla barışıq və beynəlxalq yardımın uzun müddət üçün perspektivləri kimi üç başlıca məsələni ünvanlamağa çalışacaq.
Konfransa 100-dən çox ölkə və beynəlxalq təşkilatın nümayəndəsi, o cümlədən ABŞ Dövlət katibi Hillari Klintonun iştirakı gözlənilir. Lakin regionda nüfuzlu ölkələrdən biri olan Pakistan keçən ay NATO-nun Əfqanıstanla sərhəddə 24 Pakistan əsgərinin ölümülə nəticələnmiş hava hücumuna etiraz əlaməti olaraq konfransı boykot edir.
ABŞ-ın Əfqanıstandakı səfiri Rayan Kroker deyib ki, Pakistanın iştirak etməməsi təəssüf doğurur, lakin bu, Əfqanıstanda inkişaf yolundan döndərə, ya da toplantının nəticələrini dəyişə bilməz.
Konfrans diplomatların Əfqanıstanın müvəqqəti hökumətini təyin etdiyi birinci Bonn konfransından 10 il sonra keçirilir.