Əfqanıstanın cənubundakı Taliban rəsmiləri çərşənbə günü iki qadın da daxil olmaqla, 27 nəfəri oğurluq, əxlaqsızlıq və digər cinayətlər törətməkdə ittiham edərək, şallaqlayıblar.
Rəsmilər və sakinlərin bildirdiyinə görə, cəzalar cənubdakı Helmand və Zabul vilayətlərində tətbiq edilib.
Helmand vilayətinin hökumət sözçüsü Məhəmməd Qasim Riyaz 20 nəfərin vilayətin paytaxtı Ləşkərgahın idman stadionunda şallaqlandığını bildirib.
Riyaz deyib ki, hər bir kişi vilayətin Taliban rəsmiləri, din xadimləri və yerli ağsaqqallar da daxil olmaqla, çox sayda insan qarşısında 35-39 dəfə şallaqlanıb. O əlavə edib ki, bəzi məhkumlara əlavə olaraq həbs cəzası verilib.
Talibanın idarə etdiyi dövlət xəbər agentliyi Zabulun paytaxtı Qalatda 5 kişi və 2 qadının "qanunsuz əlaqə, quldurluq və digər cinayətlər" səbəbindən ictimaiyyət qarşısında şallaqlandığını bildirib. Bu barədə ətraflı məlumat verilməyib.
Radikal Taliban keçən il hakimiyyəti ələ keçirdikdən sonra çərşənbə günü qətldə təqsirli bilinən bir şəxsi edam edərək, ictimaiyyət qarşısında ilk edamını həyata keçirib. Bu, qlobal insan haqları müdafiəçilərinin qəzəbinə səbəb olub. Birləşmiş Ştatlar edamı "qəddarlıq" adlandırıb.
Edam yüzlərlə tamaşaçı və Talibanın yüksək səviyyəli rəsmiləri qarşısında, Fərəh vilayətindəki idman stadionunda həyata keçirilib. Rəsmilər qurbanın atası tərəfindən çıxarılan hökmün İslam qanununa uyğun "qisas" olduğunu bildirib.
Birləşmiş Millətlər Təşkilatı bu addımı qınayaraq, bunun "qəddarlıq, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza" adlandırıb və "beynəlxalq qanunlara zidd" olduğunu bildirib.
Talibanın sözçüsü Zabihulla Mücahid ictimaiyyət qarşısındakı edamı müdafiə edərək, ölüm cəzasının "bütün dünyada, hətta Amerika və Avropada da verildiyini" deyib.