Accessibility links

İslam Dövlətinin Kabildə törətdiyi partlayış nəticəsində 8 şiə müsəlman ölüb


Cümə günü Əfqanıstanın paytaxtı Kabildə şiə müsəlmanların dini mərasim keçirdikləri yerin yaxınlığında baş verən güclü partlayış nəticəsində azı 8 mülki vətəndaş həlak olub, 18 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti özünü İslam Dövləti adlandıran terror qruplaşmasının regional bölməsi üzərinə götürüb.

Şahidlərin sözlərinə görə, partlayış qadınlar və uşaqlar da daxil olmaqla, azlıq qrupunun üzvlərinin Əfqanıstan paytaxtının şiələrin çoxluq təşkil etdiyi qərb məhəlləsində illik yas mərasimi keçirən zaman baş verib.

Taliban sözçüsü Zabihulla Mücahid tvitter səhifəsində həlak olanların sayını təsdiqləyərək, bombanın arabaya yerləşdirildiyini və qurbanların hamısının “günahsız mülki əhali” olduğunu bildirib.

Hökumət “bu qorxaq addımı qətiyyətlə pisləyir” deyən Mücahid hücumun “İslamın və Əfqanıstanın düşmənlərinin” işi olduğunu bildirib. O, bununla bağlı ətraflı məlumat verməyib.

İslam Dövlətinin Əfqanıstan bölməsi İslam Dövləti Xorasan Əyaləti və ya İŞİD-K kimi tanınan qolu ölümcül partlayışın həyata keçirilməsində məsuliyyəti öz üzərinə götürüb və 20 nəfərin öldüyünü və yaralandığını bildirib.

Çərşənbə günü Talibanın təhlükəsizlik qüvvələri İŞİD-K-nin Əfqanıstanın paytaxtındakı “vacib” qərargahına basqın edərək, dörd militantı öldürüb, birini isə sağ ələ keçirib.

Zabihulla Mücahid basqından sonra verdiyi açıqlamasında militantların “Məhərrəmlik ayı zamanı şiə soydaşlarımıza hücum etməyi planlaşdırdıqlarını” deyib.

Sünnilərdən ibarət İŞİD-K son illər Əfqanıstanda şiələrin məclis və ibadət yerlərinə edilən hücumların demək olar ki, hamısını öz üzərinə götürüb.

Taliban İŞİD-K-nın Kabildə və ölkənin digər bölgələrindəki sığınacaqlarına qarşı mütəmadi əməliyyatlar keçirərək, terrorçu qruplaşmanın əhəmiyyətli dərəcədə zəiflədiyini iddia edir.

XS
SM
MD
LG