Accessibility links

Əfqanıstanda Taliban rəsmisinin anım mərasimi keçirilən məsciddə partlayış baş verib


Bu həftə Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində İslam Dövləti qruplaşmasının hücumu zamanı öldürülən Talibanın vilayət qubernatorunun müavininin məsciddə keçirilən anım mərasimi zamanı partlayış baş verib.

Bölgənin informasiya idarəsinin rəhbəri Moazuddin Əhmədinin Amerikanın Səsinə telefonla bildirdiyinə görə, vilayətin paytaxtı Fayizabadda baş verən partlayışda azı bir nəfər ölüb. O, əlavə təfərrüatların olmadığını və qurbanın yaxınlıqdakı şimal Baqlan vilayətinin keçmiş polis rəisi olduğunu bildirib.

Əfqanıstanın əsas xəbər kanalı TOLO News xəbər verib ki, azı 15 cəsəd və 50-yə yaxın yaralı Fayizabaddakı əsas xəstəxanaya çatdırılıb.

Çərşənbə axşamı Bədəxşan qubernatorunun müavini Molvi Nisar Əhməd Əhmədi Fayizabadda işə gedərkən partlayıcı yüklənmiş avtomobil onun maşınına çırpılıb. Partlayış nəticəsində Əhmədi və sürücüsü həlak olub, 10 nəfər yaralanıb.

İslam Dövləti qruplaşması bomba yüklü avtomobillə həyata keçirilən hücumun onun Əfqanıstan qolu olan "İslam Dövləti Xorasan" tərəfindən törədildiyini iddia edib. Əfqanıstanın dağlıq vilayəti Çin, Tacikistan və Pakistanla həmsərhəddir.

Taliban təxminən iki il əvvəl Əfqanıstanda nəzarəti geri aldıqdan sonra "İslam Dövləti Xorasan" bir neçə yüksək səviyyəli Taliban liderinin qətlində məsuliyyəti öz üzərinə götürüb.

Mart ayında terrorçular ölkənin şimalındakı Bəlx vilayətinin qubernatoru Məhəmməd Davud Müzəmmilə qarşı sui-qəsd təşkil edib. "İslam Dövləti Xorasan" Talibanın ən yüksək rütbəli liderlərindən birini öldürdüyünü də iddia edib.

Taliban "İslam Dövləti Xorasan"ın qatı düşmənidir və onun Əfqanıstandakı sığınacaqlarına qarşı müntəzəm əməliyyatlar həyata keçirərək, terrorçu qruplaşmanın yüksək rütbəli militantlarını öldürüb.

XS
SM
MD
LG