Accessibility links

ABŞ Talibana qarşı Əfqanıstana havadan dəstək təklif edib


Bazar günü ABŞ və digər beynəlxalq qüvvələrin Əfqanıstandakı qoşunlarını geri çəkdiyi bir vaxt ABŞ-ın bölgə komandirlərindən biri Birləşmiş Ştatların qiyamçı Taliban hücumuna məruz qalan Əfqanıstan qüvvələrini dəstəkləmək üçün hava hücumlarını davam etdirəcəyini bildirib.

ABŞ Prezidenti Co Bayden aprel ayında ABŞ hərbçilərinin Əfqanıstandakı 20 illik hərbi mövcudluğuna son verərək, sentyabr ayına qədər geri çəkiləcəyini açıqladıqdan sonra Taliban son həftələrdə kənd yerləri və ətraf əyalət mərkəzlərini ələ keçirərək hücumlarını artırıb.

"Amerika Birləşmiş Ştatları son bir neçə gündə Əfqanıstan qüvvələrinə dəstək olaraq hava hücumlarını artırıb və Taliban hücumlarına davam edərsə, bu yüksək dəstəyi önümüzdəki həftələrdə davam etdirməyə hazırıq" - deyə, ABŞ dəniz piyadaları generalı Kennet "Frenk" Makkenzi Kabildəki mətbuat konfransında qeyd edib.

Əfqanıstanı da əhatə edən bir bölgədə ABŞ qüvvələrinə nəzarət edən ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edən Makkenzi avqustun 31-də hərbi missiya bitdikdən sonra ABŞ qüvvələrinin hava hücumlarına davam edib- etməyəcəyini deməkdən imtina edib.

"Əfqanıstan hökuməti önümüzdəki günlərdə ciddi bir sınaqla qarşılaşır... Taliban kampaniyalarının qaçılmaz olduğu kimi bir təsəvvür yaratmağa çalışır" - deyə, o bildirib.

Ancaq o həmçinin Taliban zəfərinin qaçılmaz olmadığını və siyasi həllin mümkün olduğunu əlavə edib.

Diplomatlar sentyabr ayında sülh danışıqları başladığından bəri prosesdə əhəmiyyətli inkişafın əlamətlərinin az olduğunu desələr də, Əfqanıstan hökuməti və Taliban nümayəndələri son həftələr Qətərin paytaxtı Dohada bir araya gəlib.

Əfqanıstan və ABŞ rəsmiləri bildirib ki, döyüş meydanında itkiləri nəzərə alan Əfqanıstan hərbiçiləri qüvvələrin Kabil və digər şəhərlər kimi ən mühüm bölgələr, sərhəd keçidləri və həyati əhəmiyyətli infrastruktur ətrafında cəmləşdirilməsi üçün Talibana qarşı strategiyanı yenidən nəzərdən keçirir.

ABŞ Müdafiə naziri Lloyd Ostin şənbə günü Əfqanıstan təhlükəsizlik güvvələrinin ilk işinin əraziləri geri almağa cəhd etməzdən əvvəl Talibanın irəliləməsini ləngidə biləcəklərinə əmin olmaq olduğunu deyib.

Makkenzi bu həftə müsəlman bayramlarına görə yaşanan sakitlikdən sonra zorakılığın arta biləcəyini və Talibanındiqqəti əhalinin sıx yaşadığı şəhər mərkəzlərinə yönəldə biləcəyini qeyd edib.

XS
SM
MD
LG