Accessibility links

Ağ Evin qarşısında Trampın mühacirətə dair sərəncamına etiraz aksiyası keçirilib


Yüzlərlə insan prezident Donald Trampın yeddi müsəlman ölkəsindən mühacirlərin Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyan sərəncamına etiraz etmək üçün Ağ Evin qarşısında toplaşıb. ABŞ-ın bir sıra şəhərlərində ikinci gündür mühacirətə məhdudiyyətlərlə bağlı etirazlar davam edir.

"Nifrətə-yox, qorxuya-yox, qaçqınlar bura xoş gəlib" şüarları bağıran insanlar Trampın qaçqınların 120 gün müddətinə ABŞ-a buraxılmamasına etiraz səslərini ucaldıb. Prezident sərəncamında eyni zamanda, İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının 90 gün ərzində ABŞ-a buraxılmaması nəzərdə tutulur.

Etirazçılar Ağ Evin qarşısındakı Lafayet parkında
Etirazçılar Ağ Evin qarşısındakı Lafayet parkında

Birləşmiş Ştatlarda tibb sahəsində təhsil alan 25 yaşlı iraqlı tələbə Los Anjeles şəhərində Amerikanın Səsinə bildirib ki, o, etiraz aksiyasına "hava limanında ilişib qalan bacı və qardaşlarına dəstək göstərmək üçün" qatılıb. O həmçinin deyib ki, İraqda ailəsini ziyarət etmək planlarını təxirə salıb və onun ailə üzvlərinin Birləşmiş Ştatlara gəlişinə qadağa qoyulub.

10 ildir Birləşmiş Ştatlarda yaşayan əslən somalili Frahan Sulub Amerikanın Səsinə həyat yoldaşının Vaşinqtonda yaxınlığındakı Dalles hava limanında saxlandığını deyib. Onun sözlərinə görə, mühacirət orqanlarının rəsmiləri həyat yoldaşının ABŞ-a daxil olmasına icazə verməyib, lakin onu müşayiət edən uşaqların ölkədə qala bildiklərini deyiblər.

ABŞ prezidenti Donald Tramp sərəncama etirazlardan narahat olmadığını nümayiş etdirib. "Ölkəmizə güclü sərhədlər və ciddi yoxlanışlar lazımdır, dərhal. Baxın, Avropada nələr baş verir, elə dünya da xaos içindədir!"- prezident özünün @realDonaldTramp Tvitter səhifəsində 23 milyon davamçısına mesajda yazıb.

ABŞ-ın Nyu York, Vaşinqon, San Fransisko və başqa şəhərlərinin hava limanlarında insanlar mühacirət məhdudiyyətlərinə etiraz aksiyaları keçirib.

XS
SM
MD
LG