Accessibility links

Çin səfəri öncəsi Putin Ukrayna müharibəsi ilə bağlı danışıqlara hazır olduğunu bildirib


Rusiya prezidenti Vladimir Putin Çin mediasına müsahibəsində Rusiyanın Ukraynadakı müharibə ilə bağlı danışıqlara hazır olduğunu bildirib.

Çinin dövlət xəbər agentliyi Sinxua-nın verdiyi məlumata görə, Putin bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib. O, “bu münaqişənin sülh yolu ilə hərtərəfli, davamlı və ədalətli həllinə” çalışır.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə edib.

Çərşənbə axşamı Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Putin Çin prezidenti Şi Tsinpinin dəvəti ilə cümə axşamı iki günlük Pekinə səfər edir.

Şi və Putin "hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığa aid bütün məsələləri ətraflı müzakirə edəcək və Rusiya ilə Çin arasında əməkdaşlığın gələcək inkişafı üçün yeni istiqamətləri müəyyənləşdirəcək", Kremlin bəyanatında deyilir.

Onlar "həmçinin ən gərgin beynəlxalq və regional məsələlər üzrə ətraflı fikir mübadiləsi aparacaqlar" - deyə o əlavə edib.

Rusiya son bir həftədə Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətinə hücumlarını gücləndirib və nəticədə 8 minə yaxın insan evlərini tərk etməyə məcbur olub.

Çin Ukrayna münaqişəsində bitərəf olduğunu deyir. Lakin o, iqtisadi, siyasi və ritorik baxımdan Rusiyanı dəstəkləyir və Moskvanın hücumunu pisləməkdən imtina edir.

“Mən düşünmürəm ki, Şi Rusiyanın davam edən hərbi əməliyyatlarını 100% dəstəkləyəcək. Məncə, Putin bunu bilir. Deməli, onun əli getdikcə zəifləyir”, Asiya Cəmiyyəti Siyasəti İnstitutunun Çin Təhlili Mərkəzinin baş əməkdaşı Layl Morris Amerikanın Səsinə deyib.

“Sinxua” agentliyinə görə, Putin deyib ki, Çin Ukrayna böhranının mənşəyini anlayır və vəziyyəti sabitləşdirmək üçün səmimi istəyi var.

2022-ci ildə Rusiya qoşunlarının Ukraynanı işğal etməsindən bir neçə həftə əvvəl, Şi və Putin ikitərəfli tərəfdaşlıqlarını "məhdudiyyətsiz" elan edən sözləşmə imzalayıblar. Qərb dövlətləri işğala cavab olaraq sərt iqtisadi sanksiyalar tətbiq etdikdən sonra Pekin Moskvanın ən etibarlı iqtisadi və diplomatik tərəfdaşına çevrildi.

Putinin Çinə səfəri onun mart ayında beşinci müddətə prezident seçildikdən sonra ilk xarici səfəri olacaq. Bu səfər onun son altı ayda Çinə ikinci səfəridir.

O, Asiyanı Avropa və Afrika ilə birləşdirən qlobal infrastruktur və enerji şəbəkələrinin qurulması üçün Şi tərəfindən on il əvvəl başlanan layihə olan Çinin “Kəmər və Yol” təşəbbüsü ilə bağlı forumda iştirak etmək üçün oktyabr ayında Pekinə səfər edib.

Forum

XS
SM
MD
LG