NATO-nun Parlament Assembleyası alyans üzvlərini Rusiyanın hərbi inadlılığına qarşı daha qəti mövqe tutmağa və birgə müdafiədə vəzifələrin daha yaxşı paylaşdırılmasına çağırıb.
Assembleyanın prezidenti, Amerika qanunvericisi Maykl Törner “Rusiyanın aqressiyasının baha başa gəldiyini” deyib. O, Avropa tərəfdaşlarına müdafiə xərclərinin artırılması haqda çağırış edib.
“Moskva qərara gəlib ki, bizimlə işləmək deyil, bizə qarşı olmaq onun maraqlarına daha yaxşı xidmət edir” deyə ABŞ Nümayəndələr Palatasında Ohayo ştatından respublikaçı qanunverici Türner bildirib. “Rusiyadan gələbiləcək problemlər real və ciddidir,” deyə o əlavə edib.
NATO-nun baş katibinin müavini Aleksandr Verşbov deyib ki, alyans Rusiya ilə dialoq qurmağa davam edəcək. Lakin o bildirib ki, Rusiya beynəlxalq hüquqa və davranış normalarına hörmət göstərməyincə işlərin əvvəlki kimi aparılması mümkün olmayacaq.
NATO-ya üzv və tərəfdaş ölkələrdən təxminən 250 millət vəkili Albaniyanın paytaxtı Tiranada görüş keçirir. Üç gün sürəcək görüşlərdə NATO-nun terrorizm, kütləvi miqrasiya, Ukraynada böhran və Balkan ölkələrində təhlükəsizlik məsələləri ilə bağlı siyasəti müzakirə ediləcək.