Sentyabrın 26-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək istəyi ilə bağlı müraciətinə cavab verib.
Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli bildirib.
Onun dediyinə görə, cavab məktubunda Milli Şuranın təklif etdiyi 3 yerdən heç birində aksiyaya razılıq verilməyib. Əli Kərimli vurğulayıb ki, əvəzində, Bakının mərkəzindən uzaq qəsəbələrdən birində aksiya keçirmək münasib sayılıb.
Əli Kərimli: “Şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik"
Əli Kərimlinin AzadlıqRadiosuna dediyinə görə, icra hakimiyyətinin cavabı açıq-aşkar göstərdi ki, hakimiyyət Bakıda mitinq keçirilməsindən qorxur.
Üstəlik, onun sözlərinə görə, qanunvericiliyə zidd olaraq Milli Şuranın mitinq müraciətinə vaxtında cavab verilməyib:
"Mitinqə cəmi 1 iş günü qalmış cavab veriblər. Biz şəhərin mərkəzində mitinq üçün yerlər istədiyimizə baxmayaraq, bu variantı da əvvəlcədən müzakirə etmişdik. Şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik".
Əli Kərimli əlavə edib ki, belə olan halda sentyabrın 28-də mitinq keçirmək istəyi alınmayacaq:
“Ancaq belə də davam edə bilməz. Etiraz aksiyaları keçirilməlidir və keçiriləcək. AXCP və Milli Şurada müzakirələrdən sonra növbəti qərarlarımız barədə ictimaiyyətə məlumat veriləcək".
BŞİH-ın izahı...
BŞİH isə Milli Şuranın sentyabrın 28-də mitinq keçirilməsi üçün təklif etdiyi yerlərə razılıq verilməməsini, əsasən təhlükəsizlik amili ilə izah edib.
"Turan" agentliyinin məlumatına görə, qurumdan həmçinin bildirilib ki, mitinqlərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerlərdə və metro stansiyaların çıxışlarının yaxınlığında keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə, həmin ərazidəki ticarət-iaşə obyektlərinin iş ahənginə maneə yarada bilər.
Milli Şura sentyabrın 13-də mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişdi.
Orada şəhərin mərkəzində 3 yer təklif edilmişi. Bunlar metronun “28 May” stansiyasının qarşısındakı, Tofiq Bəhramov adına stadionun girişindəki və Nərimanov parkının önündəki meydanlar idi.
Təşkilatçılar aksiyada seçki islahatları, Dağlıq Qarabağ probleminin həlli, siyasi məhbuslara azadlıq, uşaqpullarının bərpa edilməsi, sənədsiz evlərin qeydiyata alınması, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi kimi tələblərin səsləndiriləcəyini açıqlamışdılar.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.
Onların deməsinə görə, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.
Üstəlik, ayrı-ayrı rəsmilərin bildirməsinə görə, ünvanlı sosial müavinətlərin verilməsi halında uşaqlara aylıq müvinətin (uşaqpulu) bərpası düzgün deyil.
Azərbaycanda uşaqlara aylıq müavinət 2006-cı ildən, ünvanlı sosial müavinətlərin verilməsi ilə dayandırılıb.
2017-ci ilin əvvəlindən isə Azərbaycanda qaz və elektirik vətəndaşlara iki tariflə satılır.
Qaz və elektrikin müəyyən hissəsi əvvəlki, qalanı isə artırılan qiymətlə verilir.
Bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə razılıq verilməyib.
Bakı Şəhər İcra Hakimiyyəti təkcə Milli Şuranın 5-dən çox aksiyasını münasib saymayıb.
Qurum bunu Milli Şuranın son mitinqində qanunvericiliyin tələblərinin pozulması və aksiyanın keçirildiyi ərazidən vətəndaşların şikayəti ilə izah edib.
Onda aksiya Bakının Yasamal rayonundakı “ Məhsul” stadionunda keçirilmişdi. Bu yaxınlarda həmin stadionda təmir işlərinə başlanıb.
Milli Şura isə BŞİH-ın cavablarını bəhanə adlandırmışdı.