Accessibility links

Ali Məhkəmə İlqar Məmmədovun şikayətini qismən təmin edib


Ali Məhkəmə İlqar Məmmədovun şikayətini qismən təmin edib
please wait

No media source currently available

0:00 0:03:39 0:00

İlqar Məmmədov tam bəraət alanadək mübarizəni davam etdirəcəyini bildirib

Martın 28-də Azərbaycan Ali Məhkəməsi REAL Partiyasının lideri İlqar Məmmədovun kassasiya şikayətini qismən təmin edib.

Xüsusən, məhkəmə 221-ci maddə (kütləvi iğtişaşların təşkili) üzrə cəzanı yumşaldıb və ümumi cəza müddətini 5 il 6 ay 9 günə qədər endirib. Bütün maddələr üzrə cəzanı birləşdirən məhkəmə cəzanı bu günə qədər çəkilmiş müddətə qədər azaldıb.

İlqar Məmmədov məhkəmədən sonra partiya fəalları ilə birgə
İlqar Məmmədov məhkəmədən sonra partiya fəalları ilə birgə

Beləliklə, məhkəmə Məmmədovu Şəki Apellyasiya Məhkəməsinin ötən ilin avqustunda 2 il sınaq müddəti olmaqla, təyin etdiyi şərti cəzanın qalan hissəsindən azad edib. Ali Məhkəmə ölkəni tərk etməmək haqqında iltizamı da ləğv edib.

Məmmədov və vəkili Fuad Ağayev Ali Məhkəmənin qərarı ilə razı olmadıqlarını bildirib. Onların sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı Azərbaycan hakimiyyəti tərəfindən icra olunmayıb.

Məmmədov Amerikanın Səsinə bildirib ki, tam bəraətə və 2020-ci il parlament seçkilərində iştiraka nail olmağa çalışacaq. Amma məhkumluğunun olması ona bu hüququnu həyata keçirməyə imkan vermir.

Biz bəraət uğrunda və seçkilərdə iştirakımın təmin edilməsi uğrunda mübarizəmizi davam etdirəcəyik.

“Məhkəmə mənə tam bəraət verməsə də, iki mühüm məhdudiyyəti üzərimdən götürdü. Bu çox ciddi nailiyyətdir. Həm ölkədəki cümhuriyyətçi qüvvələrin, bizə dəstək verən qüvvələrin, həm də bizimlə beynəlxalq dayanışma göstərən qüvvələrin birgə nailiyyətidir. Mediaya da təşəkkür edirəm ki, mənim işimi bu qədər ictimai diqqət mərkəzində saxlayır. Hazırda üzərimdə ancaq bir məhbudiyyət qalır. Mən seçkilərdə iştirak edə bilmərəm. Eyni zamanda Avropa Məhkəməsinin qərarı tam icra olunmayıb. Yəni mənə hələ bəraət verilməyib. Biz bəraət uğrunda və seçkilərdə iştirakımın təmin edilməsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Biz buna da nail olacağıq” , Məmmədov qeyd edib.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, Ali Məhkəmənin qərarı hələ aşağı məhkəmələrin qərarlarının nəticələrinin aradan qaldırılması demək deyil.

“Ali Məhkəmənin qərarı ilə sadəcə İlqar Məmmədovun cəzası yüngülləşdirilib. Yəni Məmmədov cəzadan azad edildi və onun üzərində olan bir sıra məhdudiyyətlər aradan qaldırıldı. Siyasi məhdudiyyətlər tam aradan qaldırılmasa da, bundan sonra Məmmədov heç kimə məlumat vermədən Bakı şəhərini tərk edə bilər. Ölkədən çıxışına da məhdudiyyət aradan götürüldü. İlqar Məmmədov hazırda Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş hesab olunmaqdadır” , vəkil qeyd edib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Siyasi məhdudiyyətlər tam aradan qaldırılmasa da, bundan sonra Məmmədov heç kimə məlumat vermədən Bakı şəhərini tərk edə bilər.
Vəkil Fuad Ağayev

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

AİHM İlqar Məmmədovla bağlı 2017-ci ilin noyabrında verdiyi ikinci qərarda Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə 2018-ci il avqustun 13-də İlqar Məmmədov azadlığa buraxılıb. O, 2 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG