Accessibility links

Prezident İlham Əliyev yerli mediaya müsahibə verib


Azərbaycan dövlət başcısı müsahibəsində Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar prosesinə, Azərbaycanın Amerika və Rusiya ilə münasibətlərinin perspektivinə, Şahdəniz qazının Türkiyəyə nəqli və İsrailin Türkiyənin humanitar yardım gəmisinə hücumu ilə bağlı məsələlərə toxunulub.

Prezident İlham Əliyev əksəriyyətini dövlətin nəzarətindəki qurumların təşkil elədiyi yerli mediaya müsahibəsində Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinə, Azərbaycanın Amerika və Rusiya ilə münasibətlərinin perspektivinə, Şahdəniz qazının Türkiyəyə nəqli və İsrailin humanitar yardım aparan Türkiyə gəmisinə hücumu ilə bağlı məsələlərə toxunulur. Cənab Əliyev Amerika prezidentinin məktubuna cavab verəcəyini bildirib.

Dövlət başçısı Ermənistanın yenilənmiş Madrid sənədinə cavab verməməsi və bunun sonluqda nə ilə nəticələnəcəyi ilə bağlı sualın cavabında bildirib ki, hazırda Ermənistandan nə “hə”, nə “yox” cavabı gəlir. O hesab edir ki, indiki şəraitdə yəqin ki, vasitəçilər öz qəti sözünü deməlidir.

“Mən bu barədə dəfələrlə öz fikrimi bildirmişəm ki, Azərbaycan prinsip etibarilə yenilənmiş Madrid prinsipləri ilə razıdır. Düzdür, o təkliflərdə müəyyən məqamlar vardır ki, onlar bizi qane edə bilməz. Amma onlar daha çox texniki və redaktə xarakteri daşıyır. Bütövlükdə prinsiplərə baxsaq, yenilənmiş Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan əziyyət çəkmiş bütün insanların öz doğma torpaqlarına qaytarılması məsələləri öz əksini tapır. Ermənistandan isə cavab yoxdur və hesab edirəm ki, həmsədr ölkələr bu məsələ ilə bağlı öz qəti fikrini bildirməlidir."

Azərbaycan prezidenti deyib ki, "əgər biz hamımız danışıqların davam etdirilməsinə maraqlıyıqsa, onda hər hansı bir addımlar atılmalıdır. Əgər bu olmasa və əgər Ermənistan tərəfindən ya vaxt uzatma taktikası davam edərsə, yaxud da ki, rəsmi qaydada bu prinsiplərə mənfi cavab verilərsə, o zaman Azərbaycan təbii ki, bu danışıqlarda və ümumiyyətlə bu prosesdə öz iştirakının perspektivi haqqında ciddi düşünməlidir. Biz bu barədə düşünürük. Biz müxtəlif variantları nəzərdən keçiririk və çalışacağıq ki, Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edək." Dövlət baççısı deyib ki,. Mən şəxsən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Məsələ ondadır ki, necə və nə vaxt?

Cənab Əliyev “Şahdəniz” qazının Azərbaycandan Türkiyəyə ixracı ilə bağlı sazişə və layihənin perspektivləri ilə bağlı sualın cavabında deyib ki, Azərbaycanın enerji sahəsindəki uğurları arasında bu sazişin öz xüsusi yeri var. “Əhəmiyyət və mahiyyət baxımından bu çox nəhəng bir layihənin həyata keçirilməsinə gətirib çıxaracaqdır. Əgər bu məsələnin maliyyə tərəfinə nəzər salsaq görərik ki, ilkin hesablamalara görə bu layihənin həyata keçirilməsi üçün 20 milyard dollar sərmayə qoyulacaqdır."

Azərbaycan prezidenti deyib ki, qaz hasilatı mövcud bazarların imkanlarına birbaşa bağlıdır və bu bizə imkan verəcək ki, 5 ildən sonra “Şahdəniz” yatağından əlavə ən azı 16 milyard kubmetr qaz hasil edilsin və nəql olunsun. Dövlət başçısı deyib ki, “qaz sahəsindəki əməkdaşlıq, əlbəttə ki, təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Bu, təbii ki, Azərbaycanın bölgədəki, qitədəki mövqeyini böyük dərəcədə gücləndirəcək bir amilə çevriləcəkdir.”

O söyləyib ki, “mən çox şadam ki, nəhayət, biz bütün məsələlər ətrafında razılığa gələ bildik. Həm Türkiyəyə əlavə qazın verilməsi məsələsi öz həllini tapıbdır, həm bundan əvvəlki dövrdə müəyyən qiymət fərqini ödəmək üçün lazımi tədbirlər nəzərdə tutulur, həm də ki, gələcəkdə əgər belə bir imkan yaranarsa, biz Azərbaycan qazını müxtəlif istiqamətlərə nəql edə biləcəyik.”

Dövlət başçısı Amerika prezidenti Barak Obamanın məktubuna cavab verəcəyini də bildirib. “Əlbəttə, cavabım olacaqdır. Bu məktubda əks olunan məqamlar əminəm ki, Amerika-Azərbaycan əlaqələrinin perspektivlərini müəyyən edəcəkdir. Çünki məktubda həm bu vaxta qədər əldə edilmiş məqamlar öz əksini tapıb və həm də hesab edirəm ki, məktub daha çox gələcəyə ciddi bir addımdır. Amerika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir. Mən ümid edirəm ki, biz gələcək illərdə iki tərəfi razı sala biləcək əməkdaşlığa yeni, əlavə amilləri daxil edəcəyik.”

O Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanlarından da danışıb. Onun sözlərinə görə Azərbaycan məsələ ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri ilə mütəmadi qaydada ikitərəfli məsləhətləşmələr aparır. “Həm Amerika, həm Fransa, həm də Rusiya nümayəndələri ilə müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır. Bizim üçün bütün həmsədr ölkələr bir qrup şəklində mövcuddur. Yəni, biz onları belə qəbul edirik və əlbəttə ki, hər bir ölkənin öz imkanları vardır. Təbii Rusiya, yeganə ölkədir ki, Azərbaycan ilə qonşudur, yəni bu bölgədə yerləşir. Rusiya həm Xəzər, həm Qafqaz ölkəsidir, həm də ki, qonşumuzdur. Şübhəsiz ki, bu bölgədə yerləşən ölkənin özünəməxsus imkanları və təsir mexanizmləri vardır. Ancaq buna baxmayaraq, mən yenə də demək istəyirəm ki, biz heç vaxt bu üç ölkəni bu məsələ ilə bağlı bir-birindən ayırmamışıq, yəni Minsk qrupu vahid bir orqanizmdir. Onun həmsədrləri də vahid mövqedən çıxış edirlər və onların verdikləri təkliflər fərdi xarakter daşımır. Yəni, bu, ümumi təkliflərdir. Mən dəfələrlə demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O vaxta qədər iştirak edəcəyik ki, nəticəyə çatmaq ümidimiz olacaqdır. Ya da ki, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcəkdir. Yəni sirr deyil ki, bu da hərbi variantdır. Biz çox istəyirik ki, həmsədr ölkələr öz nüfuzundan, təsir imkanlarından istifadə edib Ermənistan tərəfinə ciddi siqnallar göndərməklə onları vadar etsinlər ki, yenilənmiş Madrid prinsiplərini qəbul etsinlər və biz bunun əsasında sülh müqaviləsi üzərində işə başlayaq”.

Cənab Əliyev Aralıq dənizində Gəzzaya humanitar yardım aparanlara hücumu pisləyib və Türkiyənin yanında olduğunu deyib. “Azərbaycan bu qanlı hadisəyə reaksiya verən ilk ölkələrdəndir və bu belə də olmalı idi. Çünki biz hər zaman Türkiyənin yanındayıq. Biz bütün məsələlərdə Türkiyəyə həmişə dəstəyimizi əsirgəməmişik və bu gün də bu dəstəyi veririk. Beynəlxalq sularda mülki vətəndaşlara qarşı edilən bu qanlı hadisə, bu hücum əleyhinə öz səsimizi ucaltmışıq. Bu gün də mən çıxışım zamanı bunu bir daha ifadə etdim. Biz bu hücumu pisləyirik. Biz Türkiyə ilə, türk xalqı ilə öz həmrəyliyimizi ifadə edirik, şəhidlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, ciddi araşdırmalar aparılmalıdır və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. Yəni burada bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, birmənalıdır, qətidir və bizimlə Türkiyə arasında qardaşlıq münasibətlərimizə, beynəlxalq hüquqa əsaslanır. Biz əlbəttə, hesab edirik ki, Türkiyəyə müttəfiq sayılan ölkələr də eyni mövqedən çıxış etməlidirlər. Azərbaycan bütün zamanlarda, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini heç vaxt gizlətməmişdir. Bizə yaxın olan ölkələrə aid bütün məsələlərdə biz öz səsimizi ucaltmışıq və bu, haqq-ədalət səsi olmuşdur. Xüsusilə Türkiyə ilə münasibətlərimizdə. Eyni münasibəti biz Türkiyədən görürük. Yəni Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər həmişə Türkiyə bizim yanımızda olubdur, həmişə bizə ən böyük dəstəyi Türkiyə veribdir. Əfsuslar olsun ki, Türkiyə mətbuatında və o cümlədən, bəzi hallarda Azərbaycan mətbuatında bu son bir il ərzindəki vəziyyətlə bağlı çox nalayiq və çirkin yazılar dərc edilmişdir. Biz buna heç cür yol verə bilmərik. Biz yol verə bilmərik ki, bizi istəməyən qüvvələr burada hansısa süni bir məsələni qabartmaqla Türkiyə-Azərbaycan münasibətlərinə zərrə qədər zərbə vursunlar. Yəni bu mümkün deyil və bugünkü hadisələr, Türkiyə-Azərbaycan əlaqələrinin bugünkü vəziyyəti bunu əyani şəkildə sübut edir.”

XS
SM
MD
LG