Accessibility links

Almaniyada koronavirus məhdudiyyətlərinə etiraz edən 60 nəfər saxlanılıb


Kansler Angela Merkelə daha sərt COVID-19 məhdudiyyətləri tətbiq etmək üçün səlahiyyət verən qanun layihəsini nəzərdən keçirən Almaniya parlamenti qarşısında polislə nümayişçilər arasında qarşıdurma olub.

Çoxu maskasız, əllərində bayraqlar dalğalandıran və plakatlar olan minlərlə etirazçı çərşənbə günü Berlinin mərkəzində toplaşıb. Polislə qarşıdurma dava və həbslərlə nəticələnib.

Polis sözçüsü insanların maskasız olduqlarını və sosial məsafə saxlamadıqlarına görə, polisin etiraz aksiyasını dağıtmaq məcburiyyətində qaldığını, təxminən 60 nəfərin nəzarət altına alındığını deyib. Sözçü polisin şüşə butulkalar atan və səddlərdən aşmağa çalışan nümayişçilərə qarşı bibər qazından istifadə etmək məcburiyyətində qalmasına baxmayaraq, zorakılığın minimal olduğunu deyib.

Etirazçıların çoxu Almaniya bayraqlarını dalğalandırıb və üzərində koronavirus məhdudiyyətlərinin konstitusiyada təsbit edilən dəyərləri sarsıtdığı yazılan plakatlar qaldırıb. Almanların çoxu ölkənin nasist və kommunist keçmişinə görə azadlıqlarının təhdid edildiyini düşündükləri hər bir tədbirə həssaslıqla yanaşır. Son bir neçə həftədir təklif olunan qanun layihəsinə qarşı ölkənin hər yerində nümayişlər təşkil edilir.

Qanun layihəsinə görə, Merkel hökuməti 100 min nəfər arasında 100-dən çox yoluxma halı qeydə alınan bölgələrdə geniş məhdudiyyətlər və gecələr komendant saatı daxil olmaqla, sərt tədbirlər tətbiq edə bilər.

Bu qanun layihəsinə əsasən, eyni zamanda yoluxma səviyyəsi 165-i keçdiyi ştatlarda məktəblər virtual tədrisə qayıtmağa məcbur edilə bilər. Bu, yoluxma səviyyəsi üçün 200 rəqəminin göstərildiyi əvvəlki qanun layihəsində olduğunda daha sərt bir tələbdir.

XS
SM
MD
LG