2017-ci ilin dekabrında Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərinin mayın 16-da cəsədləri tapılıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib.
Ərazidən 2 kişi, 1 qadın meyitinin və alpinistlərə aid əşyaların aşkar edildiyi bildirilir.
"Gilavar" hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufan dağa (4191 m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.
2 gün sonra alpinistlərin axtarışına başlanılıb.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, alpinistlər qar uçqununa düşüblər.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb