Accessibility links

Altay Göyüşov: Millət qurucuları Azərbaycanı müstəqil, həm də demokratik görmək istəyirdi


Altay Göyüşovla müsahibə
please wait

No media source currently available

0:00 0:09:54 0:00

Qarşıdan gələn iki ayda Azərbaycanda iki mühüm hadisə gözlənilir-mayın 28-də Azərbaycan Cumhuriyyətinin 100 illiyi tamam olur. Bu ərəfədə aprelin 11-də isə Azəbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Tarixçi-alim, tarix elmləri doktoru Altay Göyüşov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda seçkiöncəsi durum, Azərbaycan Cumhuriyyətinin yüz illiyi və millət qurucularının ideallarından danışıb.

Seçkiöncəsi durum

“Azərbaycanda seçkiöncəsi durum yoxdur. Yəni, bu, ölkədə müstəqillik dövründən sonra, müstəqillik əldə edildikdən sonra demək olar ən sönük keçən seçkilərdən biridir. Çünki, əvvəla seçkilərin önə keçirilməsi, ikincisi, ümumiyyətlə son bir neçə ildə ölkədə baş verən müxalifət, vətəndaş cəmiyyəti, media üzərinə hücumdan sonra ölkədə seçki mühitini xatırladacaq heç bir şey yoxdur. Ona görə də bu daha çox formallıq xarakteri daşıyır.”

Cumhuriyyət ideyaları və Azərbaycan bu gün

“Cumhuriyyət iki vacib ideyanı özündə ehtiva edirdi. Birincisi, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və ikincisi, Azərbaycanın müasir, demokratik bir dövlət kimi mövcudluğudur. Sözsüz ki, bu, 100 illik Azərbaycanın müstəqilliyi dövrünə təsadüf edir. Azərbaycan müstəqil dövlətdir. Bu, özü-özlüyündə çox böyük bir hadisədir. Amma təəssüf ki, o ideyanın çox vacib tərkib hissəsi olan, cumhuriyyət ideyasının çox vacib tərkib hissəsi olan, eyni zamanda, Azərbaycan üçün taleyüklü bir məsələ olan demokratiya tamamilə sıradan çıxarılmış vəziyyətdədir. Və bu nöqteyi-nəzərdən baxanda biz təlaşlı hisslər üzərindəyik.

Son bir neçə ildə ölkədə baş verən müxalifət, vətəndaş cəmiyyəti, media üzərinə hücumdan sonra ölkədə seçki mühitini xatırladacaq heç bir şey yoxdur.

Bir tərəfdən, Azərbaycan müstəqildir. Bu, şübhəsiz ki, böyük nailiyyətdir. O biri tərəfdən təəssüf ki, müstəqil Azərbaycan bizim arzuladığımız şəkildə, bizim istədiyimiz şəkildə müasir bir dövlət deyil. Yəni, demokratik bir dövlət deyil. Əksinə, son illərdə Azərbaycanın avtoritarlaşması və bizim keçmiş tariximizdə olan o totalitar sistem var idi ki, sovet dövründə onun dağılması ilə əslində Azərbaycanın istiqlaliyyəti əldə olunmuşdu, hardasa baş verən proseslər, ölkədə gedən proseslər sanki o dövrün totalitarizminin, o dövrün avtoritarizminin, o dövrün mənfi xüsusiyyətlərinin bərpası kimi nəzərdən keçirilir. Yəni biz müstəqillik kimi önə getmişiksə, dövlət quruluşu nəzərdən dövlət quruluşu nöqteyi-nəzərindən biz irəli getməmişik, əksinə, hətta 90-cı illərlə müqayisədə biz tamamilə geri qayıtmışıq.”

Avtoritar sistem

“Mübahisələr həddən artıq çoxdur. Bəziləri xalqla əlaqəndirir, bəziləri idarəçilik sisteminin mahiyyəti ilə əlaqəndirir. Mən daha çox ikinci fikrin tərəfdarıyam. Yəni, əslində mövcud sistemin yaranması, bu cür arzuolunmaz şəraitin yaranması daha çox Azərbaycanı idarə edən siyasi elitanın yaratdığı bir situasiyadır. Bunu izah etməyə klassik nümunələr də var. Məsələn, Şimali Koreya var, Cənubi Koreya var. Eyni xalqdır və eyni xalqdan, bir xalqdan iki siyasi sistem formaşlaşdıra biliblər. Yəni, bu sırf siyasi niyyət məsələsidir.

Azərbaycan üçün taleyüklü bir məsələ olan demokratiya tamamilə sıradan çıxarılmış vəziyyətdədir.

Azərbaycanı idarə edən elitanın, siyasi elitanın niyyəti Azərbaycanda avtoritarizm qurmaq idi. Azərbaycanda bu cür sistem yaratmaq idi ki, hansı ki indi daha çox feodal dövlətlərə oxşayır. Və bu arzularını, bu istəklərini də belə demək mümkündürsə, istədikləri kimi həyata keçirməyi bacarıblar. Bəzi şeylər var ki, adam bunlara baxdıqca çox ciddi şəkildə təlaş hissi keçirir. Məsələn, sovet zamanı bilirsiniz ki, insanları zorla pambığa aparılması kimi məsələlər ki var, bu gün biz yenə də eşidirik ki, keçən il pambıq yığımında müəllimləri, tibb işçilərini pambıq yığmağa aparırdılar. Əlbəttə, belə şeylər bizi ciddi şəkildə pərişan edir.”

Millət qurucuları Azərbaycanı necə görmək istəyirdi

“Birmənalı şəkildə onların görmək istədikləri Azərbaycan demokratik Azərbaycan idi. Və ümumiyyətlə, dövlət, biz dediyimiz dövlət, cumhuriyyət dövləti, o, Avropa ideyalarının təntənəsi idi, Avropaya yaxınlaşma, müasirlik, modernləşmə ideyalarının təntənəsi idi. Və Azərbaycan özünü sözsüz ki, o müasir Avropa ailəsinin bir tərkib hissəsi kimi görürdü. Amma gördüyümüz kimi, bu gün baş verən hadisələr qətiyyən onunla uyğunlaşa bilmir. Hətta elementar müqayisələr var. Məsələn, Avropa İttifaqının qonşuluq siyasəti ilə əlaqələr, partnyorluq əlaqələri qurulur, sazişlər imzalanır. Biz hətta bu məsələlərdə Cənubi Qafqaz qonşularımızdan da geri qalırıq. Yəni sözsüz ki, cumhuriyyətçilərin bir ideyası müstəqillik idi. Bu özü-özlüyündə o cumhuriyyətçilərin ideyalarının təntənəsi idi. Amma digər tərəfdən, mən hesab edirəm ki, onlar Azərbaycan dövlətinin müasir, demokratik yox, bu şəkildə, avtoritarizmin, digər qüsurların, korrupsiyanın və s. idarə etdiyi bir sistemi görəndə bundan sevinməzdilər. Yəni qarışıq hisslər olardı. Bir tərəfdən, azadlığı görüb, müstəqilliyi görüb sevinərdilərsə, digər tərəfdən, müstəqillik dövründə irəli getmək əvəzinə, bu cür bir sistemin yaradılmasından sözsüz ki, pərişan olardılar, qanları qaralardı.”

İtirilmiş imkanlar dövrü

“Mən hesab edirəm ki, Azərbaycanın tarixində bu dövr birmənalı şəkildə mənfi qiymətləndiriləcək, itirilmiş imkanlar dövrü kimi qiymətləndiriləcək. Çünki bilirsiniz, Azərbaycanda müəyyən proseslər var idi. Enerji layihələri ilə və s. ilə Azərbaycan Qərblə strateji əlaqələrini qurmuşdu. Və bu əstrateji əlaqələrin qurulması nəticəsində Azərbayacana çoxlu böyük miqdarda maddi imkanlar gəlmişdi. Və bu maddi imkanlardan səmərəli, düzgün, dövlətin, xalqın mənafeləri üçün istifadə etməklə çox böyük uğurlar, nailiyyətlər əldə etmək olardı. Çünki Azəbaycan çox zəngin ölkədir. Sözsüz ki, zəngin ölkədir. Və bu zəngin ölkənin müstəqilliyi də var idi. Bəzi sözsüz ki, struktur problemləri var idi. Qonşuları var idi, müharibə var idi, itirilmiş torpaqlar var idi. Buna baxmayaraq, mən hesab edirəm ki, bu imkanları adekvat şəkildə, səmərəli şəkildə istifadə etməklə çox ciddi şəkildə inkişaf etdirmək olardı. Bu nöqteyi-nəzərdən biz hətta Cənubi Qafqaz qonşuları ilə də müqayisə olunmuruq, çünki bizim imkanlarımız böyükdür. Amma təəssüf ki, bu imkanların adekvat xərclənməməsi, tutaq ki, lazımsız layihələrə, korrupsiya layihələrinə iri miqdarda pulların xərclənməsi, Azərbaycanın malının, varının, dövlətinin səmərəli şəkildə istifadə olunmaması ona gətirib çıxardı ki, bu gün 25 ildən sonra çox böyük dəyişiklik görmürük.

Azərbaycanın tarixində bu dövr birmənalı şəkildə mənfi qiymətləndiriləcək, itirilmiş imkanlar dövrü kimi qiymətləndiriləcək.

Yəni müstəqillik var, amma rifah nöqteyi-nəzərindən çox da irəli getməməşik və biz o imkanlardan, maddi imkanlardan, adekvat istifadə edə bilməmişik. Və mən hesab edirəm ki, gələcək nəsil bu dövrü bu mənada itirilmiş dövr kimi qiymətləndirəcək, çünki hesab edəcək ki, nəyə görə bizim böyüklərimiz, əcdadlarımız, bizim sələflərimiz vaxtında bu imkanlardan adekvat istifadə edə bilmədilər. Bu gün Azərbaycan sözün əsl mənasında inkişaf etmiş bir dövlətə çevrilə bilərdi, amma bilirsiniz ki, rifah məsələsinə görə çox ciddi şəkildə nəinki inkişaf etmiş dövlətlərdən, hətta bir sıra qonşu dövlətlərdən də geri qalırıq ki, bu, əlbəttə bizi narahat etməyə bilməz. Əlbəttə bu bizim böyük narazılığımızla qarşılanır, amma nə edək, gücümüz çatmadı, nəticədə bu cür situasiya yarandı.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG