Accessibility links

ABŞ-ın "Ohayo" sinfinə məxsus nüvə sualtı qayığı Yaxın Şərqə gəlib


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verir ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə "Ohayo" sinfinə aid nüvə sualtı qayığını yerləşdirib.

"5 noyabr 2023-cü ildə "Ohayo" tipli sualtı qayıq ABŞ Mərkəzi Komandanlığının cavabdehlik daşıdığı zonaya çatıb", CENTCOM-un X/Twitter sosial şəbəkəsindəki paylaşımında deyilir. Mərkəzi Komandanlığın cavabdehlik zonasına Yaxın Şərq regionu, həmçinin Şərqi Afrika və Mərkəzi Asiya daxildir.

Komandanlıq başqa təfərrüat verməsə də, Süveyş kanalı üzərindəki avtomobil körpüsü (həmçinin Hüsnü Mübarək körpüsü kimi də tanınır) ərazisində sualtı qayığın fotosunu dərc edib. Lakin fotonun çəkildiyi tarix göstərilməyib.

CENTCOM sualtı qayığın adını açıqlamayıb, yalnız onun sinfini açıqlayıb. "Ohayo" sinfinə aid sualtı qayıqların əksəriyyəti "Trident" qitələrarası ballistik raketləri (belə sualtı qayıqlar SSBN olaraq təsnifləndirilir) daşımağa qadirdir. Dörd SSGN sualtı qayığı - USS Miçiqan, USS Ohayo, USS Corcia və USS Florida isə "Tomahauk" qanadlı raketləri ilə silahlana bilər.

Aprel ayında ABŞ Hərbi Dəniz Qüvvələri Bəhreyndə yerləşən ABŞ Beşinci Donanmasına dəstək olaraq USS Florida gəmisini Yaxın Şərqə göndərib.

Bununla belə, noyabr ayında bölgəyə yerləşdirilən "USS Florida" gəmisi olduğuna dair rəsmi təsdiq yoxdur (üstəlik, İsrailin Ynet xəbər portalı söhbətin ballistik raketlərlə silahlanmış sualtı qayıqdan getdiyini bildirir).

Noyabrın 4-də Mərkəzi Komandanlıq USS Dvayt Eyzenhauer aviadaşıyıcısının zərbə qrupunun Yaxın Şərqə gəldiyini açıqlayıb. Qrupa eyniadlı təyyarədaşıyan gəmidən əlavə, idarə olunan raket kreyseri "USS Filippin Dənizi", həmçinin USS Meyson və USS Qreyvili esminesləri daxildir.

Aralıq dənizində Eyzenhauer və onu müşayiət edən gəmilər oktyabrın 10-da bölgəyə gələn Cerald Ford daşıyıcısının zərbə qrupuna qoşulub. Təyyarədaşıyan gəminin özündən əlavə, qrupa idarə olunan raket kreyseri USS Normandyivə dörd Arley Burke sinifli esminesi daxildir.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin gəmilərin göndərilməsini "İsrailə qarşı düşmənçilik hərəkətlərinin və ya bu müharibəni genişləndirmək üçün hər hansı cəhdin qarşısını almaq cəhdi" adlandırmışdı.

Forum

XS
SM
MD
LG