Accessibility links

Amerika fəza araşdırmaları üçün büdcəni azaltmağı təklif edib (audio)


1969-cu ilin iyul ayında iki amerikalı astronavtın Aya enməsi bəşər tarixində ən ruhlandırıcı elmi və texnoloji uğur idi. NASA-nın fəza proqramı eyni zamanda cəmiyyətin bəhrələndiyi bir sıra kiçik texnoloji innkişaflara da səbəb oldu. Lakin bu gün əldə edilmiş səviyyəni qoruyub saxlamaq üçün həm siyasi maraq, həm də federal maliyyə kifayət deyil. ABŞ-ın olduqca tanınmış alimlərindən biri Amerikanın Səsinə müsahibədə baş verməkdə olan dəyişiklikləri müzakirə edib.

Astrofizik Neil Deqrass Tayson Amerikada kosmik fəzanın tədqiqi və kəşfini təbliğ edən insanlarından biridir. O, Nyu-Yorkda yerləşən Amerika Yer Kürəsi və Fəza Tarixi muzeyinin müdüridir. Tayson bu mövzuda yeni işıq üzü görmüş “Fəza Salnamələri: Son Sərhəd” adlı kitab da daxil olmaqla, onlarla kitabın müəllifidir.

Neil Deqrass Tayson: “Fəza Salnamələri fəza ilə bağlı keçmişimiz, indiki dövr və gələcəyimiz haqda düşündüklərim haqdadır.”

Tayson 1960-cı və 70-ci illərdə boya-başa çatıb. O dövr insanın Aya enməsi ilə nəticələnən kosmik fəzanın kəşfinə həddindən artıq böyük marağın olduğu bir dövr idi. Bu həm də NASA-ya federal maliyyənin səxavətlə xərcləndiyi bir dövr idi. Taysonun sözlərinə görə, o dövr artıq sona çatıb. Obama administrasiyası 2013-cü ildə ABŞ-ın fəza agentliyinin büdcəsində böyük maliyyə ixtisarları təklifi edib. Bu, 30 il davam edən şatl uçuşlarının dayandırılmasından təxminən bir il sonraya təsadüf edib.

Neil Deqrass Tayson: “İndi Birləşmiş Ştatların özünün astronavtlarını orbitə aparmaq üçün avadanlığı yoxdur. Biz indi gərək rusların köməyindən istifadə edək. Belə çıxır ki, biz fəzaya pulsuz səyahət edirik. Amma əslində biz rusların fəza gəmilərindən istifadə edərkən o oturacaqlar üçün pul ödəməli oluruq. Adam xəcalət çəkir.”

Tayson NASA-nın büdcəsinin artırılmasını istəyir. O qeyd edir ki, ölkə fəza tədqiqatlarını prioritetlər sırasından çıxarmamalıdır.

Tayson deyir ki, bir zamanlar elmi-fantastik əsərlərdən tanıdığımız cihazları indi çox yerdə görmək olar. Miniatür elektron cihazlar, gözdə lazer vasitəsilə tibbi əməliyyatlar, hətta kabelsiz cihazlar bizə adi görünür. Lakin Tayson gənclərdə yaradıcılıq və yenilikçilik ruhunu canlandırmaq üçün fəza proqramlarına marağın artırılmasına yüksək qiymət verir.

Neil Deqrass Tayson: “Bilmirəm bunu kim deyib, lakin belə bir misal var idi – kiməsə qayıq sürməyi öyrətmək istəyirsənsə ona qayıq düzəltməyi öyrətmək lazım deyil. Onların açıq dənizə çıxmaq arzusunu ürəklərində qoymaq düzgün deyil.”

Tayson deyir ki, fəza elmində əsl intibah dövrünü yaşamaq üçün düşüncələrdə dəyişiklik olmalıdır. O ümid edir ki, bu intibah ABŞ iqtisadiyyatını da, milli ruhu da canlandıra biləcək.

XS
SM
MD
LG