Accessibility links

Amerika dövlət katibi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb


Rəsmi Bakının ABŞ və Braziliyanın “açıq hökumət təşəbbüsləri”nə qoşulduğu bildirilib.

Bakıda səfərdə olan ABŞ dövlət katibi Hillari Klintonla vətəndaş cəmiyyəti institutları təmsilçilərinin görüşündə hökumət - vətəndaş cəmiyyəti institutları münasibəti əsas müzakirə obyekti olub. Bu barədə görüşün iştirakçılarından biri İqtisadi Sosial İnkişaf Birliyinin rəhbəri, iqtisadçı Vüqar Bayramlı Amerikanın Səsinə bildirib.
Cənab Bayramlı rəsmi Bakının ABŞ və Braziliyanın “açıq hökumət təşəbbüsləri”nə qoşulduğunu deyərək bu məsələnin diqqət mərkəzində olduğunu vurğulayıb. Bu, vətəndaş cəmiyyəti institutlarının büdcə, neft gəlirlərinin xərclənməsinə daha çox çıxış imkanları əldə etməsini nəzərdə tutur. Həm də təkcə xərcləmələri yox, bu institutların Neft Fondu Müşahidə Şurasında təmsilçilərinin olmasını, daha çox şəffaflığa nail olunmasını ehtiva edir. Vətəndaş cəmiyyəti institutlarının korrupsiyaya qarşı mübarizədə, islahatların aparılmasında hökumətin siyasətinə təsir etmək imkanlarının artırılması qeyd edilib.
Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri hökumətlə bu institutların münasibətlərinin yetərincə olmadığını bildirib. Belə ki, bu institutlar büdcə sənədlərinə müəyyən çıxışlar əldə etsələr də büdcə müzakirələrində iştirak hüquqları tam yoxdur. Rayonlarda vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xüsusi ehtiyac var.
Cənab Bayramlının sözlərinə görə, xanım Klinton Azərbaycanda güclü vətəndaş cəmiyyəti institutlarının olmasından məmnunluğunu ifadə edib, ABŞ-ın bu məsələyə xüsusi önəm verdiyini vurğulayıb.
45 dəqiqə nəzərdə tutulan görüş 1 saatdan çox davam edib. Görüşdə vətəndaş cəmiyyəti institutlarını İqtisadi Sosial İnkişaf Birliyi (Vüqar Bayramlı), “Mədən Sənayesində Şəffafıq” koalisiyası (İnqilab Əhmədov), “Şəffaflıq Azərbaycan”- Korrupsiyaya Qarşı Mübarizə” Birliyi (Rəna Səfərəliyeva) və Açıq Cəmiyyət İnstitutu (Fidan Bağırova) təmsil edib.

XS
SM
MD
LG