Birləşmiş Ştatlar Pxenyanın ballistik raket proqramında rolu ilə əlaqədar Şimali Koreyanın iki yüksək səviyyəli rəsmisini sanksiyalar siyahısına salıb.
ABŞ-ın Ədliyyə nazirliyinin bəyanatında bildirilir ki, Kim Yonq Sık və Ri Pyonq Çol “Şimali Koreyanın qanunsuz silah proqramlarının əsas liderləridir.”
“Kim Yonq Sık maye yanacağın quru yanacaşa çevrilməsi səyləri də daxil olmaqla, Şimali Koreyanın ballistik raket proqramının inkişaf etdirilməsində əsas fiqur olduğu bildirilir, Ri Pyonq Çolun isə Şimali Koreyanın qitələrarası ballistik raket proqramının inkişaf etdirilməsində başlıca rəsmi olduğu deyilir”, Ədliyyə nazirliyinin bəyanatında qeyd edilir.
“Ədliyyə nazirliyi Şimali Koreyanın ballistik raket proqramlarının əsas liderlərini Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreyanın rəsmi adı-red.) təcrid edilməsi üçün maksimum təzyiqlərin və Koreya yarımadasının nüvəsizləşdirilməsi səylərinin bir hissəsi hədəf alır. Bu tədbirlər cümə günü BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın gələcəkdə qeyri-qanuni maliyyə mənbələrindən istifadə etmək qabiliyyətinin qarşısını almaq məqsədi güdən sanksiyalarının ardınca görülür”, bəyanatda bildirilir.
BMT Təhlükəsizlik Şurası keçən həftənin cümə günü Şimali Koreyanın idxal edə biləcəyi benzin və dizelin həcminin azaldılması və Şimali Koreyaya qadağan olunmuş maddələr daşımaqda şübhəli bilinən gəmilərin daha ciddi yoxlanılmasını nəzərdə tutan qətnamə layihəsini yekdilliklə qəbul edib.
Şimali Koreya 2017-ci ildə nüvə və raket proqramının inkişafını ciddi şəkildə sürətləndirərək, keçən ay yeni qitələrarası ballistik raketi sınaqdan keçirib. Bu, Şimali Koreya tərəfindən bu il keçirilən üçüncü qitələrarası və 20-ci ballistik raket sınağıdır.