ABŞ-da hər gün yeni təsdiqlənmiş koronavirusa yoluxma hallarının bir ay əvvələ nisbətən iki dəfə artması ilə ölkənin ən yüksək yoluxucu xəstəliklər üzrə mütəxəssisi xəstəliyin vəziyyətini “həqiqətən yaxşı deyil” kimi qiymətləndirib.
Bazar ertəsi onlayn konfransdakı çağırışında Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi ABŞ ştatlarının xəstəliyin yayılmasını dayandırmaq üçün qoyulan bir çox məhdudiyyətləri qaldırmasından sonra baş verən hadisələrə toxunub.
O, vəziyyəti Avropada baş verənlərlə müqayisə edərək orada ölkələrin yenidən açılmasından sonra bəzi hallarda artım müşahidə olunduğunu qeyd edib. Ancaq bunların yoluxmaların pik vaxtında görülən səviyyələrdən çox aşağı düşməsindən sonra meydana gəldiyini də əlavə edib.
"Bizdə rəqəmlər qalxdı, heç vaxt ilkin vəziyyətə qayıtmadı və indi yenidən qalxır. Buna görə də bu, dərhal cavab verməli olduğumuz ciddi bir vəziyyətdir" - deyə, Fauçi açıqlayıb.
Təsdiqlənmiş yoluxmaların ABŞ-ın 50 ştatından təxminən 40-da artıb, testlərin daha yüksək faizi müsbətdir və xəstəxana sistemləri çarpayıların dolu olması xəbərdarlığını edir.
Bazar ertəsi yazdığı məktubda ABŞ-ın üç ən yaxşı tibb təşkilatı - Amerika Tibb Birliyi, Amerika Tibb bacıları Birliyi və Amerika Xəstəxana Assosiasiyası amerikalıları maska taxmağa, sosial məsafə qaydalarına riayət etməyə və əllərini yumağa çağırıb.
Qruplar koronavirusun yayılmasını "nəsillərin ən ağır ictimai sağlamlıq böhranı" adlandırıb və aylar əvvəl səhiyyə işçilərinin dəstəklədiyi profilaktik addımların "çox tez tərk edildiyini" deyiblər.
"Bu ictimai səhiyyə böhranında gücsüz deyilik. Elm və sübutlarla qərarlarımızı formalaşdırmağa və tədbirlərimiz haqda məlumatlandırmağa imkan verərək, ictimai səhiyyə üçün əvvəlki təhdidləri eyni şəkildə məğlub edə bilərik" - deyə, məktubda qeyd olunub.
Ağ Evin qərargah rəisi Mark Midovs Fox News-a verdiyi müsahibədə Tramp administrasiyasının koronavirus məhdudiyyətləri ilə bağlı qərarları federal hökumətin əvəzinə ştat və yerli rəhbərliyə həvalə etdiyini təkrarlayıb.