Şəhərin bu məhəlləsi iki rəqib cinayətkar dəstənin döyüş meydanına çevrilib. ABŞ rəsmilərinin dediyinə görə, buradakı qanqsterlər Çikaqo və Los-Ancelesdəki qətllərin yarısına, ölkə boyu isə 13 faizinə cavabdehdir. Qanqsterlərin çoxunun beynəlxalq kartellərlə əlaqəsi var. Narkotiklər və silahlardan əldə edilən pullar zorakılıqların davam etməsinə səbəb olur.
Los-Ancelesin bu cənub bölgəsində vertolyotlar və polis avtomobillərini tez-tez görmək olur. Deren Diviak Los-Anceles yaxınlığındakı Kompton şəhəri Polis İdarəsinin “Təhlükəsiz Küçələr” əməliyyat şöbəsində işləyir. Zorakılıqlar nəticəsində həyatını itirən hər zabit onun yadındadır və o, bugünkü cinayətkarların daha qəddar və daha ağır silahlara malik olduğunu deyir. “Narkotik maddələr ticarətindən böyük miqdarda pul əldə etdikləri üçün daha yaxşı silah ala bilirlər.”
Cinayətkarlar metamfetamin, kokain və heroin satır, kartellərə pul ödəyirlər. Demək olar ki, hər küçənin özünün cinayətkar dəstəsi var. Deren Diviak: “Fruit Town Pay-ro bu tərəfdə, şimal-şərqdə yerləşir. Tree Top Pay-ro isə cənubdadır.”
Özlərinin qrafitiləri ilə bir cinayətkar dəstə o biri dəstəyə meydan oxuyur. “Keçən həftə bir nəfər güllələnib öldürüldü. Onlar həmin şəxsi təqib edib öldürmüşdülər. Onlar onu atəşə tutanda güllə bir gənc qızın üzünə dəymişdi” deyə, Deren Diviak bildirir.
Bəzən polisin işi ondan ibarət olur ki, qonşuluqdakı mübahisələr dərinləşməsin. Lakin real təhlükə mütəşəkkil cinayətkar dəstələrdən gəlir və yerli ailələr ortada qalır. Adətən buralar gecələr çox təhlükəlidir.
Barrio-18 və MS-13 kimi cinayətkar qrupların əsası Los-Ancelesdə qoyulub, lakin hazırda bu dəstələr beynəlxalq səviyyədədir.
Federal və hüquq-mühafizə orqanlarına istinadən bildirilir ki, bu gün həbsxana dəstələri də daxil olmaqla, Birləşmiş Ştatlarda bir milyondan çox üzvü olan 30 mindən çox cinayətkar dəstə fəaliyyət göztərir. Problem kiçik şəhərlər və ucqar icmalara təsir göstərsə də, cinayətkar dəstələr tərəfindən qətllər daha çox şəhərlərdə olur.