Accessibility links

ABŞ Rusiyanı Ukrayna separatistlərini silahla təmin etməkdə günahlandırır


Ukraynanın Donetsk şəhərində döyüşlər gedir.

Kiyev hökumətinin regional milli təhlükəsizlik sözçüsü Andrey Lısenkonun bildirdiyinə görə, Ukrayna qüvvələri Donetskə hücum edib.

ABŞ rəsmiləri Rusiyanın qüvvələrini şərqi Ukrayna sərhədlərinə topladığını bildirir.

Rusiyanın Xarici İşlər Nazirliyi Amerikanın Ukrayna hökumətini dəstəkləməklə münaqişənin məsuliyyətini daşıdığını bildirib. Nazirliyin bəyanatında bildirilir ki, Vaşinqton Ukraynada rusdilli əhaliyə qarşı respessiya üçün Kiyevə təzyiq göstərir.

Amerikanın Hərbi Qərargahlar rəisi, general Martin Dempsi Rusiya ordusunun və onun liderinin Ukrayna böhranının istəksiz iştirakçısı adlandırıb. Kolorado ştatında təşkil edilən forumda çıxış edən Dempsi Rusiyanın yaydığı millətçilik siyasətinin Avropanın digər bğlgələrinə də təsir edə biləcəyindən narahatlığını dilə gətirib.

Generalın dedikləri ABŞ-ın Rusiyanı Ukrayna separatistlərini silahla təmin etdiyində günahlandırmasından sonra səslənib. Amerika bundan əlavə Rusiyanı sərhəd bölgələrdə artilleriya hücumlarına görə ittiham edib. Lakin Ukraynanın cavab atəşi açdığı barədə heç nə deyilməyib.

Amerikanın Müdafiə Nazirliyinin sözçüsü Stiv Uorren bildirib ki, Rusiya silahlarının Ukraynaya daşınması separatistləri daha təkmil artilleriya sistemi ilə təmin etmiş olur.

Bundan əlavə Avropa İttifaqı Ukrayna ilə bağlı Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə dair razılıq əldə edib. Sanksiyalar Rusiyanın kəşfiyyat rəsmiləri və Ukraynanın rusiyapərəst üsyançı liderlərini hədəf alır.

Rusiyanın Xarici İşlər Nazirliyi sanksiyaları pisləyərək, onların terrorizmlə mübarizə əməkdaşlığına mane olacağını bildirib.

XS
SM
MD
LG