Accessibility links

Amerikanın Səsi “ABŞ-da təhsil” mövzusunda müzakirə təşkil etdi [Video]


Hal-hazırda ABŞ-da təhsil alan beynəlxalq tələbələr, o cümlədən burada təhsil almağı düşünənlər Amerikanın Səsi və Corc Vaşinqton Universitetinin birgə təşkil etdiyi tədbirdə təhsil ilə bağlı suallarını ekspertlərə ünvanlamaq imkanı əldə etdilər. Tədbir zamanı suallar yalnız auditoriyadan deyil, eyni zamanda sosial media istifadəçiləri tərəfindən də verildi.

Bu müzakirənin məqsədi ABŞ-da təhsil alan və ya təhsil almağı düşünən insanların üzləşdiyi çətinliklərlə bağlı suallara aydınlıq gətirmək idi.

İştirakçıların xeyli hissəsi ABŞ-ın sərtləşdirilmiş immiqrasiya siyasətinin təhsil vizalarının verilməsində və xarici tələbələrin qəbulunda dəyişikliyə səbəb olub-olmayacağı ilə bağlı suallar verdi.

Corc Vaşinqton Universitetinin rektor müavini Duqlas Şou bildirdi ki, ABŞ-da təhsil qapıları hər kəs üçün açıqdır.

“ABŞ təhsil müəssələrinin böyük əksəriyyəti dünyanın hər yerindən tələbə qəbul edir. Biz də, istisna deyilik. Onu da əlavə edim ki, biz gələcək illərdə beynəlxalq tələbələrin sayını artımağı planlaşdırırıq.”

Tədbirdə iştirak edən gənclərin bir qrupu ABŞ-da təhsilin iqtisadi cəhətdən münasibliyi haqqında suallar verdi. Hyuston İcma Kollecinin nümayəndəsi Byanka Şonberg bildirdi ki, onların təklif etdiyi iki illik ümumitəhsil kolleci tələbələrə qənaət etmək imkanı verir.

“ABŞ-da 4 illik bakalavr təhsilində siz ümumi mövzularda dərslər götürməlisiniz. Eyni şeyi siz iki illik İcma Kolleclərində, daha ucuz məsrəflərlə edə bilərsiniz.”

ABŞ-da təhsil almağı düşünənlər həm də mövcud olan maliyyə dəstəyi imkanları haqqında maraqlanırdı.

Panel iştirakçıları bildirdilər ki, beynəlxalq tələbələr ABŞ hökümətinin təklif etdiyi tələbə kreditlərinə müraciət edə bilməsələr də, onlar üçün digər seçimlər də var. Briqam Yanq Universitetinin nümayəndəsi Sem Braun:

“Əksər hallarda təhsil almaq istədiyiniz proqramın özünün ayrıca maliyyə dəstəyi və təqaüd təklifləri olur. Bununla bərabər, universitetdən kənarda, müxtəlif kommersiya və qeyri-kommersiya təşkilatların təklif etdiyi təqaüd proqramları da mövcuddur.”

Digər panel iştirakçıları beynəlxalq tələbələrə universitetdə təhsil aldıqları zaman öz ixtisaslarına uyğun sahədə çalışaraq, əlavə gəlir əldə etmək imkanları haqqında danışdılar.

Bir saat yarım çəkən müzakirə Amerikanın Səsinin Facebook səhifəsində canlı yayımlanırdı.

XS
SM
MD
LG