Met Vuerker üçün heç kim toxunulmaz deyil. O, ABŞ siyasi həyatını yaxından izləyən tanınmış Politico onlayn nəşrinin karikaturaçısıdır.
“Mən çox xoşbəxtəm ki, 60-cı və 70-ci illərdə Los Ancelesdə böyümüşəm. O zamanlar mənim üçün nümunə olan əfsanəvi Pol Konrad “Los Anceles Tayms”ın karikaturaçısı idi. Pulitzer Mükafatının üç dəfə qalibi olmasını kənara qoysaq, Konradı məşhur edən əsas şey “Niksonun düşmənləri” siyahısına daxil olan yeganə karikaturaçı olması idi. Gülməli işlər görəsən və buna görə ABŞ prezdentinin düşməni olasan... Bu mənim üçün çox cəlvedici səslənirdi. Beləliklə, Konradın yolunu davam etmək qərarına gəldim.”
İndi, Vuerker özü də Pulitzer Mükafatı qalibidir. Çəkdiyi karikaturaların stilini isə “gülməli, incə və kəskin” adlandırır.
“Bu mənim gördüyüm işlərdən biridir. Mübarəkin devrildiyi vaxt çəkilib. Əvvəlcə düşündüm ki, Sfinks ilə bir şey edə bilərəm. Sonra dedim, bəlkə Sfinksin üzərində Sem dayını otuzdurum. Fikirlərşmişdim ki, bu Misir-ABŞ münasibətlərini yaxşı təsvir edir.”
Bu isə onun “karikaturaçı üçün bir kabus” adlandırdığı son seçki gecəsi çəkdiyi işdir.
“Mən digər redaksiyalarda nə olduğunu bilmirəm, amma, burada [Politico] hər kəs şokda idi. Mən həftələrlə Amerikanın ilk qadın prezident seçməsini necə çəkəcəyimi düşünürdüm. Bəzi cızma-qaralarım hazır idi. Seçki axşamı saat 9-a yaxın anladım ki, mən yeni bir karikatura üzərində işləməliyəm. Həmin karikaturada hamını şoka salmış Tramp “sabahın xeyir, Amerika” deyir.”
Sabahın necə olmasına baxmayaraq, Vuerker müxtəlif siyasi hadisələri, problemləri təsvir etməyə davam edir. Amma, düşünür ki, növbəti dörd il bu iş bir qədər çətin olacaq.
“Xeyli sayda siyasətçi siyasi yumorun siyasətin ayrılmaz bir hissəsi olduğunu anlayır və onu qəbul edir. Düşünürəm ki, Tramp karikaturaçıları Ağ Evə dəvət edərək, öz rəsmini çəkmələrinə icazə versə, özünə gülə bildiyini hamıya nümayiş etdirsə, bu çox düzgün bir addım olardı. Amma, təəssüf ki, Tramp indiyədək onun haqqında olan siyasi yumora yaxşı münasibət bəsləməyib.”
Vuerkerin siyasi karikatura tarixçəsi xeyli müddət əvvəl, Cimmi Karterin prezidentlik dövründən başlayıb. Dediyinə görə, o, çəkəcəyi karikaturalar haqqında o qədər düşünür ki, ən yaxşı ideyaları yuxusunda gəlir.