Accessibility links

“Amnesty International” Qarabağ müharibəsində dinc sakinlərin ölümünü araşdırıb


“Amnesty International” Ermənistan qüvvələrinin zərbələri nəticəsində Azərbaycanın şəhər və kəndlərində 72 dinc sakinin öldürüldüyü səkkiz zərbəni sənədləşdirib.

İnsan haqları təşkilatı 2-ci Qarabağ müharibəsində onlarla dinc sakinin ölümünü araşdırıb. Qurum bu haqda yanvarın 14-də hesabat yayıb.

Təşkilat araşdırmaçılarının Azərbaycan və Ermənistanda zərbə endirilmiş onlarla əraziyə baş çəkdiyini qeyd edir.

“Hər iki tərəfin hədəfsiz hücumları, eləcə də klastr silahlarından istifadəni danmasına baxmayaraq, dəlillər bunun əksini göstərir. Ballistik silahlardan, qeyri-dəqiq raket və artilleriyadan istifadə etməklə yaylım atəşləri açılıb”, hesabatda vurğulanır.

Qurum qeyd edir ki, müharibə zamanı Ermənistan və Azərbaycan qüvvələri dəfələrlə qeyri-dəqiq və hədəfsiz silahlara, həmçinin klast sursatları və sıx yaşayış məskənlərində geniş ərazini əhatələyən partlayıcılara əl atıb. Bununla da beynəlxalq humanitar hüquq pozulub, onlarla dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb, evlər, vacib infrastruktur dağıdılıb.

Yeni hesabatın hər iki tərəfdə yerlərdə aparılan təhqiqata əsaslandığı bildirilir. Ermənistan və Azərbaycan qüvvələri tərəfindən endirilmiş 18 zərbə öyrənilib. Ümumilikdə ötənilki 44 günlük müharibədə azı 146 dinc sakin öldürülüb ki, onlar arasında xeyli uşaq və yaşlılar da var.

“Ermənistan qüvvələri dəqiq olmayan ballistik raketlərdən, yaylım atəşi sistemləri və artilleriyadan istifadə edib. Azərbaycan qüvvələri də dəqiq olmayan artilleriya və yaylım atəşi sisteminə əl atıb. Hər iki tərəfdə hakimiyyət dinc yaşayış məskənlərinə hədəfsiz zərbələr endirilməsini təkzib etsə də, onların bunu etdiyinə dair aydın dəlil var”, hesabatda deyilir.

“Dinc yaşayış məskənləri yaxınlığında bu qeyri-dəqiq və ölümcül silahları işlətməklə Ermənistan və Azərbaycan qüvvələri müharibə qanunlarını pozaraq insan həyatına sayğısızlıq göstərib”, Amnesty International-ın Şərqi Avropa və Orta Asiya üzrə direktoru Mari Struters deyib.

“Dinc sakinlər öldürülüb, ailələr məhv edilib, saysız ev dağılıb, çünki münaqişə tərəfləri şəhərlərə qarşı qeyri-dəqiq silahlardan istifadə edib”, o, sözlərinə əlavə edib.

Hesabatda dinc sakinlər arasında itkilərin daha böyük ola biləcəyi deyilir, çox adam həmin yerləri ya tərk etmişdi, ya da münaqişə başlanandan sığınacaqlara girmişdi.

“Amnesty International” Ermənistan qüvvələrinin zərbələri nəticəsində Azərbaycanın şəhər və kəndlərində 72 dinc sakinin öldürüldüyü səkkiz zərbəni sənədləşdirib. Azərbaycan tərəf 44 günlük müharibədə 100-ə yaxın dinc sakinin öldürüldüyünü, 400-dən çoxunun yaralandığını bildirir.

Ermənistan tərəfdə isə 9 zərbə nəticəsində 11 dinc sakinin ölümü araşdırılıb. Ümumilikdə isə münaqişə zamanı azı 52 erməni dinc sakinin öldüyü qeyd olunur.

Azərbaycan tərəfi müharibə vaxtı yalnız hərbi hədəfləri vurduğunu deyirdi.

“Amnesty International” Ermənistan və Azərbaycan hakimiyyətini sözügedən hücumları dərhal, qərəzsiz araşdırmağa çağırır.

Sentyabrın 27-də başlanan, noyabrın 9-da dayandırılan əməliyyatlar və 10 noyabr atəşkəs bəyanatı nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti əsasən özünə qaytarıb. Ancaq qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG