Accessibility links

Amnesty International növbəti illik hesabatını açıqlayıb


Amnesty İnternational

Amnesty International hüquq-müdafiə təşkilatı martın 29-da növbəti illik hesabatını açıqlayıb.

Hesabatda deyilir ki , 2020-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri zamanı törədilən qanun pozuntularına görə heç bir məsuliyyət nəzərdə tutulmayıb.

"Hərbi döyüşlər iqtisadi, sosial və mədəni hüquqların təminatına mənfi təsir göstərmişdir. Müharibədə köçkün edilən azərbaycanlıların əksəriyyəti evlərinə qayıdıb, lakin 1990-cu illərdə Dağlıq Qarabağ və ona yaxın ərazilərdən köçkün edilən etnik azərbaycanlılar evlərinə qayıda bilməyib."

Hüquq müdafiə təşkilatı qeyd edir ki, Azərbaycan hökuməti onu tənqid edənlərə qarşı təqib və təqiblər davam edib.

"Dinc etiraz aksiyaları zorakılıqla dağıdılıb. Əsassız məhdudiyyətlər insan hüquqları müdafiəçilərinin və QHT-lərin işini ləngitməkdə davam edir. Gender zəminində zorakılıq, işgəncə və digər pis rəftar halları geniş şəkildə yayılmış olaraq qalır."

Təşkilat qeyd edir ki, 2020-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı və ondan dərhal sonra hərbi cinayətlərin və beynəlxalq humanitar hüququn digər pozuntularının araşdırılmasında və ya şübhəli şəxslərin məsuliyyətə cəlb edilməsində əsaslı irəliləyiş əldə edilməyib.

"Məlumata görə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın nəzarətinə qaytarılan ərazilərdə Erməni qüvvələri tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində 100-dən çox insan ölüb və ya yaralanıb."

Təşkilat qeyd edir ki, ilin sonuna gədər Azərbaycan Ağdam, Füzuli və Zəngilan rayonları daxil olmaqla, münaqişədən təsirlənmiş ərazilərdə minalanmış yerlərin xəritələri əvəzinə Ermənistana 60 erməni əsiri təhvil verib.

"İlin sonuna qədər Azərbaycanda əsirlikdə qalanların dəqiq sayı məlum olmayıb. Avropa Şurası sentyabr ayındakı hesabatında onlarla əsirin qeyri-insani şəraitdə saxlanılması və tələsik, ədalətsiz mühakimələrə məruz qalmalarına dair iddialara görə və 30-a yaxın erməni əsirin isə taleyi və harada olmasının naməlum olmasına, onların məcburən yoxa çıxarılması və potensial olaraq öldürülməsi ilə bağlı iddialara görə narahatlığını ifadə edib" - deyə, hesabatda bildirilir.

Amnesty münaqişə vaxtı evindən didərgin düşmüş 40 minədək dinc sakinin çoxunun evlərinə döndüyünü qeyd edir. Ancaq 1990-cı illərdə köçkünə çevrilmiş 650 mindən çox insanın təhlükəsiz qayıdışı üçün adekvat şəraitin olmadığını, minaları, infrastrukturun dağılmasını, yaşayış məskənlərinin yoxa çıxdığını vurğulayır.

Hesabatda deyilir ki, işgəncə və digər pis rəftara dair xəbərlər geniş yayılmaqdadır. Əsir götürülən ermənilərin saxlanarkən, köçürülərkən və ya həbsdə olarkən Azərbaycan qüvvələri tərəfindən işgəncə və digər pis rəftara məruz qalmalarına dair iddialar səmərəli şəkildə araşdırılmayıb.

Azərbaycan tərəfi isə müharibədən sonra əsir götürülmüş, yaxud həlak olmuş erməni hərbçiləri üzərində "təhqiredici hərəkətlərin" götərildiyi videolarla bağlı istintaq apardığını elan edib. Baş Prokurorluq bu cür əməllərdə əli olan şəxslərin məsuliyyətə cəlb olunacağını bəyan edib.

Amnesty International həmçinin ötən il Azərbaycanda hökumətin yenə tənqidçilərinin təqib olunduğunu, təzyiqlərə məruz qaldığını da açıqlayıb:

Amnesty International dinc aksiyaların dağıdıldığını, etirazçılara qarşı aşırı güc tətbiq olunduğunu vurğulayır. Ötən ilin martında 38 siyasi məhbus hesab olunan şəxs daxil olmaqla 625 məhbus əfv edilmişdi. “Hökumətin tənqidçiliyinin siyasi motivli təqibi və qısnanması səngiməyib, bir çox qurbanlar həbsdə qalır”, hesabatda deyilir.

Təşkilat hesabatda qeyd edir ki, beynəlxalq məlumatlar Azərbaycan hakimiyyətini korrupsiya və alçaldıcı izləmə praktikasına dair ifşalarla əlaqələndirib:

"İyulda yayılmış araşdırmada hakimiyyətin NSO Group-un Pegasus casusluq proqramı vasitəsilə jurnalistləri, media təmsilçilərini, yüzlərlə fəalı izlədiyi ortaya çıxıb. Yaxud oktyabrda yayılmış tədqiqat prezidentin ailəsinin və yaxınlarının Britaniyada ofşor şirkətlər vasitəsilə 700 milyon dollarlıq mülkiyyət əldə etdiyini üzə çıxarıb", hesabatda qeyd edilir.

Siyasi haqlar hər keçən gün daha da məhdudlaşdırılır

Öz növbəsində hüquq müdafiəçisi Rüfət Səfərov hesabatla bağlı Amerikanın Səsinə verdiyi şərhində bildirir ki, Azərbaycanda mövcud olan "üsul-idarənin yürütdüyü hüquq siyasətində genişlənən insan haqlarına yer yoxdur".

"Xüsusilə, siyasi haqlar hər keçən gün daha da məhdudlaşdırılır. Sərbəst toplaşma, söz və fikir, mətbuat və məlumat və s. azadlıqlardan faydalanan, alternativ və tənqidi fikir ifadə edən vətəndaş nəzərə almalıdır ki, potensial repressiya qurbanıdır. İşin ən çətin tərəfi budur ki, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ iqnor edilir, çünki avtoritar meyllər dövlətin və toplumun dərinliklərinə nüfuz edib. Ümumiləşdirmə aparsaq, ölkəmizdə insan haqlarının durumu qeyri-kafi qiymətləndirməlidir. Bu qiymət hazırkı hökumərtin mövcud olduğu 29 ilin bütün dövrlərinə aiddir. Dəyişən odur ki, siyasi hakimiyyətin əlində repressiya aləti olan hüquq mühafizə orqanları gedərək daha da zorakılıq və şiddətə dayanır", o bildirib.

Azərbaycan hakimiyyəti nə deyir ?

Azərbaycan hakimiyyəti hələlik bu hesabatda qeyd edilənlərə münasibət bildirməyib. Amerikanın Səsi bununla bağlı Ədliyyə Nazirliyindən hələlik şərh almaq cəhdi baş tutmayıb. Ancaq indiyədək hökumət beynəlxalq təşkilatların bu kimi tənqidlərini rədd edib. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG