Vaşinqtonda yerləşən Alman Marşall Fondunun mütəxəssisi İan Lesser Türkiyənin ABŞ-la strateji münasibətləri saxladığına inandığını deyir. Bununla belə o, yaxın vaxtlarda münasibətlərin əvvəlki səviyyəyə qayıdacağını güman etmir:
Sual: Bəzi ekspertlər Türkiyədə İslam təmayüllü qüvvələrin hakimiyyətə gəlməsindən sonra ABŞ-la münasibətlərdə soyuqluq yarandığını hesab edirlər? Sizin düşüncələriniz?
Cavab: Şübhəsiz ki, münasibətlərdə gərginliklər var. Amma onu da xatırlamaq lazımdır ki, münasibətlər heç də həmişə hər iki tərəf üçün hamar olmayıb. Bu gərginliklərin tarixçəsi var. Əməkdaşlıq strateji mahiyyət daşısa da, çətinliklər həmişə mövcud olub. 1960-cı, 70-ci illərə nəzərə salsaq görərik ki, o vaxtlar vəziyyət indikindən də pis idi. İndi qarşılıqlı şübhələr meydana çıxıb. Türkiyədə əvvəl olmadığı kimi ictimai rəy mühüm rol oynayır. Bizim İran və başqa məsələlərdə real fikir ayrılıqlarımız var. Bütün bunları bir yerdə götürdükdə münasibətlər strateji olmaqla yanaşı ciddi sınaqlarla üzləşir.
Sual: Siz İranı qeyd etdiniz. Rəcəb Təyyib Ərdoğan hökuməti İran prezidenti Mahmud Əhmədinejadla isti münasibətlər saxlayır. İki ölkə arasında ticari və siyasi əlaqələr güclənməkdədir. Siz bu dəyişikliyi necə izah edərdiniz?
Cavab: Sirr deyil ki, Türkiyənin xarici siyasəti son onillikdə xeyli dəyişib. Bunun bir qismi həmin regionda dəyişən dinamika ilə əlaqədardır. Türkiyənin İran, Suriya və körfəz ölkələri ilə təmasları fəallaşıb. ABŞ üçün bunun ən problematik aspekti İranla münasibətlərdir. Belə ki, həm Buş həm də Obama administrasiyaları üçün İranın nüvə ambisiyaları başlıca prioritet olaraq qalır. Bizim İrana yanaşmalarımızda ciddi fərqlər var. Bu isə iki ölkə arasındakı münasibətlərə təsir göstərir. Türkiyə də İranın atom silahına malik dövlət olmasını görmək istəmir. Bu, aydındır. Lakin İranı necə yola gətirmək məsələsinə gəldikdə - istər sanksiyalar olsun, istərsə də başqa vasitələr - biz eyni mövqedən çıxış etmirik. Problemin kökü də buradadır.
Sual: Qəzzaya humanitar yardım daşıyan gəmi ilə bağlı Aralıq Dənizində yaşanan insidentin ardınca Türkiyənin İsraillə münasibətləri böhranlı səvviyəyə çatdı. Siz Türkiyə-israil münasibətlərinin gələcəyini necə görürsünüz?
Cavab: 1980 və 90-cı illərin ortalarında strateji münasibətlər kimi dəyərləndirilən Türkiyə-İsrail münasibətlərinə stimul verən şərait büsbütün dəyişib. O vaxtlar Suriya və İranın qarşısının alınmasında bu ölkələr ümumi maraqlar paylaşırdı. İctimai rəyin də siyasətə bir elə təsiri yox idi. Amma indi bunlar hamısı fərqlidir. Keçmişə qayıtmaq mümkün deyil. Həmin situasiya ABŞ-a sərf edirdi, çünki Vaşinqton Türkiyə ilə İsrail arasındakı sıx təmasların öz maraqlarına xidmət etdiyini anlayırdı. İndi söhbət ondan gedir ki, bu münasibətləri bütün tərəflərə məqbul, maraqlarımıza ziyansız, stabil formada saxlamaq mümkün olacaq ya yox. Hesab edirəm ki, bu, normal gözləntidir. Lakin mən Türkiyə-İsrail əlaqələrinin əvvəlki səviyyəyə qayıdacağına nikbin deyiləm. Bu, baş verməyəcək.