Türkiyənin yüksək səviyyəli rəsmiləri İŞİD-ə qarşı mübarizədə Amerikanın Suriya kürdləri ilə hərb əməkdaşlığına son qoyması üçün Birləşmiş Ştatlara təzyiqləri artırır.
Pentaqonun bu yaxınlarda prezident Donald Trampa İŞİD-in Suriya və İraqda məğlub edilməsinə dair yeni plan təqdim edəcəyi gözlənilir. ABŞ-ın NATO üzrə müttəfiqi olan Türkiyə Vaşinqtonu İŞİD militantlarının Suriyada de fakto paytaxtı olan Raqqadan çıxarılmasına dair birgə əməliyyata Ankaranın dəstəklədiyi Suriya müxalifət qruplarını cəlb etməyə çağırır.
Bu həftə Türkiyənin yüksək səviyyəli rəsmilərinin ABŞ-ı kürdlərə dəstəyə son qoymaq və Kürd Xalq Müdafiə Birləşmələri-YPG-nin Raqqanın azad edilməsi əməliyyatından çıxarmaq çağırışlarına dair "bəyanatlar paradı" verdiyi müşahidə edildi.
Türkiyə bunun yerinə ABŞ-ın türklərlə bərabər Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatında iştirak edən Suriya üsyançılarına təlim verib onları silahlandırmasını istəyir. Türkiyənin bir neçə aydır Raqqadan qərbdə apardığı əməliyyatların əsas məqsədi həm İŞİD, həm də YPG-nin Türkiyə sərhədindəki ərazilərdən təmizlənməsindən ibarətdir.
"Əgər YPG-yə verilən silahlar və zirehli maşınlar müxailfət qüvvələrinə verilsə idi, İŞİD problemi olmaya bilərdi"-deyə Türkiyənin Avropa İttifaqı naziri Ömer Çelik Polşada bir qrup jurnalistə bildirib.
Türkiyə YPG-ni Türkiyə dövləti əleyhinə 30 ildən artıqdır silahlı mübarizə aparan Kürdüstan Fəhlə partiyası-PKK ilə əlaqələri olan terror qrupu hesab edir.
Hazırda Tramp administrasiyasının Ankaranın və Suriya kürdlərinin fərqli tələblərinin balanslaşdırılmasında sələfi Barak Obama administrasiyasından daha uğurlu olacağını demək çətindir. Vaşinqtonda Ankaranın Raqqaya hücum etmək üçün Suriya üsyançılarından ibarət böyük hərbi qüvvə toplamaq qabiliyyyəti ilə bağlı şübhələr mövcuddur. Əsas düşməni Suriya prezidenti Bəşar Əl-Əsəd olan üsyançılar əvvəllər Vaşinqtonun onları əsas prioritetin İŞİD olduğuna inandırmaq səylərini rədd etmişdi.
Türkiyə rəsmiləri son günlər Vaşinqtonun onların mövqeyinə dəstək verəcəyi ilə bağlı əminliklərini bildirib. Onlar Pentaqonda olmasa da, ABŞ və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılmasını istəyən Ağ Evə ümid bağlayır.
Türkiyənin müdafiə naziri Fikri İşık cümə axşamı günü bildirib ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu "Fərat qalxanı" əməliyyatı zamanı Suriyanın Əl-Bəb şəhərinin nəzarətini İŞİD-dən geri qalıb. O, Ankarada müxbirlərə bildirib ki, Tramp administrasiyası YPG-nin tərəfdaş kimi istisna edilib-edilməməsi məsələsini nəzərdən keçirir.
Suriya kürdləri də öz növbəsində Pentaqonun YPG və Suriya Demokratik Qüvvələrinin tərkibində ərəb müttəfiqlərini dəstəkləyəcəyinə əmindir. Bu əminlik Senatın Silahlı Qüvvələr komitəsinin sədri, ABŞ senatoru Con Makkeynin bu həftə Suriyanın şimalında kürd şəhəri olan Kobanini ziyarət etməsi ilə daha da güclənib.
Türkiyə ABŞ-ın yeni administrasiyasını küdlərlə əməkdaşlığa son qoymağa razı salmaq səylərinə fevralın 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident Trampla telefon söhbəti əsnasında PKK-nın ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınmasını xüsusi vurğuladığı zaman başlayıb.
Türkiyə rəsmilərinə istinadən, Ərdoğan deyib ki, bir terror təşkilatına qarşı başqa bir terror təşkilatı ilə yanaşı durmaq yaxşı fikir deyil. O həmçinin ABŞ-ın Suriya kürdləri ilə alyansı davam etdirməsinin ciddi nəticələri ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Türkiyənin baş naziri Binali Yıldırım eyni mesajı keçən həftə Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Mayk Pensə çatdırıb.