Accessibility links

ANS-in şikayəti İnzibati-İqtisadi Məhkəməyə göndərilib [Video]


Milli Teleradio Şurası və ANS (kollaj)
Milli Teleradio Şurası və ANS (kollaj)

ANS rəhbərliyi televiziyanın açılacağına ümid edir

Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyuldan telekanalın yayımının bir ay müddətinə dayandırılması barədə qərarının etibarsız sayılması barədə şikayətinə baxılıb.

MTRŞ-nin nümayəndəsi Toğrul Məmmədov bildirib ki, teleşirkətin şikayətinə apellyasiya məhkəməsində deyil, 1 saylı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Onun fikrincə, iddia apellyasiya instansiyasının predmeti deyil.

Bu zaman ANS-in nümayəndəsi Sevda Məhərrəmova televiziyanın bir sıra proqramlarının verilişinin dayayndırılması ilə bağlı şikaytəlrəinə Bakı Apellyasiya Məhkəməsində baxıldığını yada salıb.

Vahid Mustafayev və Mirşahin Ağayev
Vahid Mustafayev və Mirşahin Ağayev

Ancaq, hakim Elşanə Vəliyeva şikayətin İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

ANS-in prezidenti Vahid Mustafayev məhkəmədə bildirib ki, teleşirkət artıq 25 ildir fəaliyyət göstərir və mindən çox əməkdaşı var.

“İşçilər maddi sıxıntı, sosial problemlər yaşayır. Şitrkətlə bağlı qərar veriləndə bunlar nəzərə alınmalıdır”, o qeyd edib.

Onun sözlərinə görə, televiziyanın ölkənin regionlarında və xarici ölkələrdə də fəaliyyət göstərən əməkdaşları maddi çətinlik çəkir.

“Biz hər gün maliyyə itkiləri ilə rastlaşırıq. Bizim gündəlik xərclərimiz isə eyni qalır”, o qeyd edib.

ANS-in baş direktoru Mirşahin Ağayev ədalətin bərpa olunacağına inanır.

“Biz qanuni yollardan istifadə edirik ki, televiziya kanalımız açılsın. Biz Azərbaycanın müstəqilliyi ilə həmyaşıdıq. Narazı qaldığımız məhkəmə qərarları olarsa, digər lazımi addımları atacağıq”.

Ağayev bildirib ki, beynəlxalq ictimiayyətə kömək üçün müraciət etməyiblər.

“Biz dövlətimizə inanırıq və gözləyirik. Dövlətimizin də tez bir zamanda bu məsələni araşdıracağına əminik. Öz dövlətimiz olan yerdə başqa beynəlxalq təşkilatlardan nəsə istəmirik və gözləmirik. Ancaq təbii ki, beynəlxalq təşkilatlar da maraqlanır. Onları da maraqlandıran suallar və onların da suallarını müxtəlif səviyyələrdə cavablandıran var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir”, baş direktor qeyd edib.

Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS-in yayımını bir ay müddətində dayandırıb. Bundan sonra MTRŞ ANS-in lisenziyasının dayandırılması üçün məhkəməyə müraciət edib.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib.

MTRŞ ərizəsində göstərib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlanıb. Telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fəthullah Güləndən müsahibə alıb və həmin müsahibə xarici media vasitəsilə anons olunub.

ANS ittihamı qəbul etmir və müxbirnin yalnız Fətullah Gülənin mətbuat konfransına qatıldığını bildirir. Bununla yanaşı, televiziya bağlanandan sonra ANS Fəthullah Gülənin mətbuat konfransında əməkdaşlarının iştirakını səhv adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istəyib.

XS
SM
MD
LG