Martın 15-də ABŞ Dövlət katibi Antoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti baş tutub. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı bəyanatda bildirilir ki, Dövlət katibi Blinken ABŞ-la Azərbaycan arasında ikirətəfli münasibətlərin davamlı əhəmiyyətini və ABŞ-ın Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyə sadiqliyini vurğulayıb.
Ermənistanla Azərbaycan qüvvələri arasında gərginliyin artması ilə bağlı son xəbərləri qeyd edən Dövlət katibi tərəfləri təmkinli olmağa və bütün qalan məsələlərin hərtərəfli həll yollarını tapmaq üçün diplomatik səyləri intensivləşdirməyə çağırıb.
“O həmçinin Azərbaycanda insan hüquqları və fundamental azadlıqlara hörmətin vacibliyini vurğulayıb,” Prays bəyanatında bildirib.
Dövlət katibi ABŞ və tərəfdaşlarının Moskva və onun tərəfdarlarını, o cümlədən Belarusda Lukaşenko rejimini Kremlin Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəsinə görə cavabdeh tutmağa davam etmək öhdəliyini vurğulayıb.
Antoni Blinken öz növbəsində Twitter səhifəsində Azərbaycana Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür etdiyini bildirib.
“Azərbaycan prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləməyin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürümü bildirdim”, ABŞ Dövlət katibi yazıb.