Xilasedicilər Aralıq dənizində qayıqlarda Avropaya gəlməyə cəhd göstərən 484 miqrantı xilas edib. İtaliya sahil mühafizəçilərinin bildirdiyinə görə, yeddi miqrantın cəsədi aşkar edilib.
Rezin qayıqlarda üzən miqrantlar İtaliya sahil mühafizə xidməti və hərbi dəniz qüvvələri, eləcə də yardım qrupu tərəfindən xilas edilib. Sahil mühafizə xidmətinin bəyanatında xilas əməliyyatında iki özəl qayığın da iştirak etdiyi deyilir.
Bundan əlavə detallar bildirilməyib. Dəniz yolu vasitəsilə İtaliyaya keçməyə cəhd göstərən miqrantların əksəriyyəti Afrikanın Səhraltı bölgəsi və Banqladeşdəndir. Miqrantlar onları keçirmək üçün Liviyada mənzillənən insan qaçaqmalçılarına pul ödəyir.
Bu il Şimali Afrikadan 45 mindən artıq insanın qayıqlarda İtaliya sahillərinə yetişdiyi bildirilir. Bu, keçən il eyni dövrlə müqayisədə 40 faiz artıq göstəricidir. Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, Avropaya çatmağa cəhd edən 1222 insan dəniz sularında həyatını itirib.